Masallı rayonu, Hacıtəpə kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib. Görüşün əsas məqsədi gəncləri fiziki və mənəvi asılılıq yaradan vərdişlərin fəsadları barədə məlumatlandırmaq olub.
ELAZ.İNFO xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, pedaqoji heyət və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edənlər müasir dövrün ən böyük bəlalarından olan narkomaniya, siqaret və alkoqol asılılığının insan sağlamlığına, xüsusən də inkişafda olan gənc orqanizmə vurduğu ağır zərbələrdən bəhs ediblər.
Şagirdlərə zərərli maddələrin dövriyyəsi və istifadəsinin yaratdığı hüquqi nəticələr izah edilib. “Yox” deməyi bacarmaq və ətraf mühitin mənfi təsirlərindən qorunma yolları müzakirə olunub. Asudə vaxtın səmərəli təşkili, idman və mütaliənin şəxsiyyətin formalaşmasındakı rolu vurğulanıb.
Görüşün sonunda mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib və yuxarı sinif şagirdlərini maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Bu cür tədbirlərin rayondakı digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.
Ruslan MƏMMƏDOV