Cəlilabadda Qanlı Ailə Münaqişəsi

ELAZ.İNFO xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verən qətl hadisəsinin bəzi şok təfərrüatları üzə çıxıb. 52 yaşlı Azər Baxşiyevin ölümü ilə nəticələnən hadisənin qabaqcadan planlaşdırıldığı ehtimal olunur.

Məlumata görə, son dövrlər Bakı şəhərində övladları ilə birlikdə yaşayan Azər Baxşiyev, qohumu olan 24 yaşlı İbrahim Babayev tərəfindən israrla rayona çağırılıb. İ.Babayev müxtəlif bəhanələrlə onun Cəlilabada gəlməsinə nail olub.

Rayona qayıdan A.Baxşiyev kənddə İ.Babayevlə görüşən zaman tərəflər arasında kəskin mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində 24 yaşlı gənc özündən yaşca böyük olan qohumuna bıçaqla ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının ilkin rəyinə görə, hadisə qısqanclıq və ya digər ailədaxili mübahisə zəminində baş verib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən İbrahim Babayev saxlanılıb, faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights