34 il sonra dəyişik düşdükləri məlum olan ailələrin dramı

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Primorye diyarında 1989-cu ildə baş vermiş bir hadisə iki ailənin həyatını alt-üst edib. Lesozavodsk şəhər doğum evində eyni gündə dünyaya gələn Sergey Stepanov və Andrey Moskalkovun tibbi personalın səhvi ucbatından dəyişik düşdüyü düz 34 il sonra ortaya çıxıb.

Hər şey 13 dekabr 1989-cu ildə başlayıb. Analardan biri Natalya Stepanova xatırlayır ki, uşaqları xəstəxanadan çıxararkən hər iki körpənin qolunda eyni – “Stepanov” soyadı yazılmış etiket olub. Həkimlər isə anaları hər şeyin qaydasında olduğuna inandırıblar. İllər keçdikcə ailələr uşaqların onlara həm zahirən, həm də xaraktercə bənzəmədiyini hiss etsələr də, bunu genetik təsadüf hesab ediblər.

Natalya Stepanova illər sonra sosial şəbəkələrdə oğlunun həmyaşıdlarını axtararkən Andrey Moskalkovu tapıb və onun öz həyat yoldaşına və digər oğluna olan inanılmaz bənzərliyi qarşısında şoka düşüb. Aparılan iki DNT testi (biri televiziya şousunda, digəri rəsmi məhkəmə üçün) acı həqiqəti təsdiqləyib: uşaqlar doğum evində dəyişik düşüb.

Bu xəbər hər iki ailədə faciəyə səbəb olub. Sergey Stepanov tərbiyə aldığı ailə ilə münasibətlərinin pisləşdiyini, özünə qapandığını bildirir. Digər uşaq Andreyin taleyi isə daha ağır olub; o, çətin şəraitdə böyüyüb, qanunla problemlər yaşayıb və hətta həbsxanaya düşüb. Hazırda Andrey Ukraynadakı hərbi əməliyyatlarda (SVO) iştirak edir.

Ailələr dövlətdən mənəvi zərərə görə kompensasiya tələb etsələr də, məhkəmələr iddiaları rədd edir. Səbəb kimi isə 1989-cu ildə, yəni SSRİ dövründə mənəvi zərərə görə məsuliyyət qanunvericiliyinin olmaması göstərilir. Lakin zərərçəkənlərin vəkili Aleksandr Zorin bu məsələni Rusiya Konstitusiya Məhkəməsinə qədər aparmaqda israrlıdır. O bildirir ki, kompensasiya hüququ hadisənin baş verdiyi vaxta görə deyil, insanların bu həqiqəti dərk etdiyi vaxta görə müəyyən edilməlidir.

Hazırda ailələr həm hüquqi mübarizəni davam etdirir, həm də 34 il əvvəl bu “tale yüklü” səhvə yol vermiş tibbi personalı tapmağa çalışırlar.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights