Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna 3:2 hesabı ilə qalib gələn “Qarabağ” klubunu təbrik edib. Dövlət başçısı eyni zamanda matçın hakimliyindəki qərəzli məqamlara sərt reaksiya verib.
ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev “X” sosial şəbəkəsindəki rəsmi hesabında etdiyi paylaşımda Ağdam təmsilçisini parlaq qələbə münasibətilə təbrik edib. Ölkə lideri qeyd edib ki, oyun zamanı hakim tərəfindən verilən ədalətsiz və qərəzli qərarlara baxmayaraq, ədalət zəfər çalıb.
“Bu, UEFA tərəfindən təyin olunmuş hakimlərin ədalətsiz qərarlarla “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışdığı ilk hal deyil”, – deyə Prezident vurğulayıb. Dövlət başçısı UEFA-dan sözügedən hakimin kim tərəfindən və hansı əsasla təyin olunmasına dair izahat gözlədiyini bildirib: “Ədaləti və sarsılmaz qələbə ruhunu məğlub etmək qeyri-mümkündür. Yaşasın Qarabağ!”.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 10-a çatdıran “Qarabağ” pley-off mərhələsinə adlamaq yolunda böyük üstünlük əldə edib. Təmsilçimiz son turda, yanvarın 28-də səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.
Ruslan MƏMMƏDOV