ELAZ.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, əfsanəvi “Laskovıy May” qrupunun prodüseri Andrey Razinə qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən xüsusi külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi üzrə istintaq davam edir. Hazırda Razin barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
Sergey Kuznetsovun qonorarlarının mənimsənilməsi: Andrey Razin qrupun mahnılarının müəllifi, mərhum şair Sergey Kuznetsovun lisenziya mükafatlarını saxta sənədlər vasitəsilə mənimsəməkdə ittiham olunur. Müəllifin dul həyat yoldaşı artıq zərərçəkmiş tərəf kimi tanınıb. Ekspertizanın rəyinə görə, dəymiş maddi ziyan təxminən 500 milyon rubl təşkil edir.
İstintaq materiallarına yeni əlavə edilən epizod isə qrupun solisti, mərhum Yuri Şatunovla imzalandığı iddia edilən saxta müqavilə ilə bağlıdır. Razinin uzun müddət Şatunovun ifa etdiyi mahnıların hüquq sahibi olduğunu iddia etmək üçün sənədləri saxtalaşdırdığı bildirilir.
Məlumata görə, Andrey Razin istintaqdan yayınaraq hazırda ABŞ-da gizlənir və Rusiyaya qayıtmaq niyyətində deyil. Rusiya vətəndaşlığı ilə yanaşı, Türkiyə vətəndaşlığı da olan prodüser barəsində dövlətlərarası və beynəlxalq axtarış elan edilib.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə ittiham olunan Razin saxlanıldığı və ya ekstradisiya edildiyi andan etibarən 2 ay müddətinə həbs ediləcək. Onu bu cinayətlərə görə 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Yuri Şatunovun ailəsinin vəkilləri hələlik ikinci epizod üzrə (Şatunovla bağlı saxta müqavilə) rəsmi olaraq zərərçəkmiş tərəf kimi tanınmadıqlarını bildiriblər.
ELAZ.İNFO hadisələrin gedişatını izləməyə davam edir
Ruslan MƏMMƏDOV