Biləsuvar gömrüyündə 410 min manatlıq psixotrop dərman keçirənlərin işi məhkəməyə göndərilib

ELAZ.İNFO xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş digər şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bildirilib ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan Respublikasının vətəndaşı Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İran İslam Respublikasında əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycan Respublikasına məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.


Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights