ELAZ.İNFO xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən olan Səlcuk Bayraktar Teknolojinin rəhbəri Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Görüşlə bağlı məlumatı Bayraktar Teknoloji rəhbəri özünün sosial media hesabında paylaşıb.
Bildirilib ki, qəbul zamanı şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv istiqamətləri barədə Prezident İlham Əliyevə ətraflı məlumat təqdim olunub.
Bayraktar Teknoloji rəhbəri səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib.
Paylaşımda, həmçinin Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi vurğulanaraq qeyd olunub:
“Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun.”
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi, yüksək texnologiyalar, pilotsuz uçuş aparatları, hərbi-texniki əməkdaşlıq və innovasiya sahələrində əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir. Bayraktar Teknoloji şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr də iki qardaş ölkə arasında strateji əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur.
İlahə BAYINDIR


