Rusiyalı alimlər qrafitin almazlaşması zamanı baş verən Sirri açdılar

12.11.2026

Rusiyalı materialşünaslar qrafitin yüksək təzyiq altında sıxılması zamanı daxilində ilk olaraq klassik kubik kristal qəfəsli almazın deyil, bu qiymətli karbon materialının alternativ forması olan altıbucaqlı “lonsdeylit”in (heksaqonal almaz) yaranmasının fiziki səbəbini müəyyənləşdiriblər.

ELAZ.INFO xəbər verir ki, bu barədə “Skoltex” (Skolkovo Elm və Texnologiya İnstitutu) mətbuat xidməti məlumat yayıb.


Ötən əsrin ortalarında kəşf edilən lonsdeylitin nəzəri cəhətdən formalaşması üçün daha çox enerji tələb olunsa da, təcrübədə qrafitin sıxılması zamanı birinci məhz bu növün yaranması alimlər üçün uzun müddət müəmma olaraq qalırdı. “Skoltex” və NİTU MİSİS tədqiqatçıları bu fenomeni izah etmək üçün atomların kvant-mexaniki səviyyədə qarşılıqlı təsirini hesablayan xüsusi süni intellekt (maşın öyrənməsi) sistemindən istifadə ediblər.
177-218 min atmosfer təzyiqi altında təxminən 700 min atomun davranışını izləyən alimlər ilk dəfə olaraq böyüyən almaz “rüşeymi” ətrafındakı qrafit strukturunda yaranan deformasiyaları nəzərə ala biliblər.
“Skoltex”in professoru Pavel Sorokin tədqiqatın nəticələrini belə şərh edib:
“Məlum oldu ki, böyüyən lonsdeylit qrafit mühitinə daha yaxşı uyğunlaşır. Onun optimal rüşeyminin yaranması üçün enerji baryeri kubik almazla müqayisədə təxminən iki dəfə aşağı, kritik atom sayı isə iki-üç dəfə azdır. Başqa sözlə, ilkin mərhələdə təbiət üçün lonsdeylit rüşeymi yaratmaq daha sərfəlidir, baxmayaraq ki, böyük kristal üçün kubik almaz daha üstündür”.
Alimlər qeyd edirlər ki, kristal böyüdükcə və atomların sayı artdıqca ətraf mühitdəki deformasiyaların təsiri sürətlə zəifləyir. Nəticədə, müəyyən ölçüyə çatan altıbucaqlı almazlar əksər hallarda öz-özünə adi kubik almaza çevrilir. Bu kəşf gələcəkdə ifrat bərk materialların sintezini daha dəqiq idarə etməyə imkan verəcək.

Ruslan Məmmədov

👁 140
Teqlər: