Alimlər koronavirusun asqırıq və öskürək yaratmasının mexanizmini aşkarladılar

Amerikalı bioloqlar koronavirusun insanlarda niyə şiddətli öskürək, asqırıq və baş ağrısı yaratmasının səbəbini müəyyənləşdiriblər. Tədqiqatın nəticələri “Neuron” elmi jurnalında dərc olunub.
ELAZ.INFO xəbər verir ki, Howard Hughes Tibb İnstitutunun professoru Diana Batistanın rəhbərlik etdiyi molekulyar bioloqlar qrupu aparılan araşdırmalar zamanı virusun istehsal etdiyi PLpro adlı zülalın tənəffüs yollarındakı ağrı reseptorları ilə birləşə bildiyini aşkar ediblər.
Tədqiqatçılar qeyd edirlər ki, öskürək və asqırıq kəskin respirator viral infeksiyaların (ARVI) Ən geniş yayılmış simptomları olsa da, indiyə qədər virusların bu reaksiyaları dəqiq olaraq necə tetiklədiyi məlum deyildi. Alimlər ilk dəfə sübut ediblər ki, PLpro zülalı heç bir əlavə vasitəçi olmadan birbaşa ağrı neyronlarını aktivləşdirə və öskürək ilə asqırığa səbəb ola bilər.
Təcrübələr zamanı məlum olub ki, hətta çox kiçik miqdarda belə bu peptid tənəffüs orqanlarındakı neyronların təxminən üçdə birini – xüsusilə ağrı reseptorları olan TRPV1 hüceyrələrini aktivləşdirir. Siçanlar üzərində aparılan sınaqlar zamanı bu zülalın həmin reseptorları hərəkətə gətirməsinin heyvanlarda dərhal asqırıq, öskürək və ağrı reaksiyaları yaratdığı müşahidə edilib.
Maraqlıdır ki, bənzər reaksiya təkcə SARS-CoV-2 (COVID-19) deyil, həm də digər təhlükəli virusların – atipik pnevmoniya (SARS-CoV-1) və MERS törədicilərinin istehsal etdiyi PLpro zülal molekulları tərəfindən də yaradılıb. Tədqiqatçıların fikrincə, bu, bir çox virusun öz yayılmasını sürətləndirmək üçün sinir sistemini idarə etmək və onun işinə müdaxilə etmək qabiliyyətinə malik olduğunu göstərir.
Ruslam Məmmədov




