“Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb”

Könül Nurullayeva: “Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb”
Azərbaycan Respublikasının dövlətçilik tarixində müstəqil Əsas Qanunun qəbul edilməsi və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar ölkəmizin inkişafında mühüm mərhələ təşkil edir.
ELAZ.INFO xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, Azərbaycanın konstitusiya quruluşunun tarixi 1918-1920-ci illərdəki 23 aylıq qısa dövrdən sonra əsasən SSRİ-nin tərkibində olduğu illərə təsadüf etdiyindən, müstəqilliyin bərpasından sonra yeni Ana Qanunun hazırlanması ən vacib vəzifələrdən biri idi. Lakin 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən dərin siyasi böhran, hakimiyyət qarşıdurmaları, iqtisadi tənəzzül və təhlükəsizlik problemləri bu zəruri addımın atılmasına imkan verməmişdi.
Könül Nurullayevanın sözlərinə görə, məhz 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin inkişaf istiqamətində əsaslı dönüş yaratdı:
“İctimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və müstəqil Azərbaycanın uzunmüddətli dövlətçilik maraqlarına xidmət edən Əsas Qanun 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Seçicilərin 91,9 faizinin dəstəklədiyi Konstitusiya noyabrın 27-də qüvvəyə mindi”.
Millət vəkili Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən birinin insan hüquq və azadlıqlarına verdiyi geniş təminatlar olduğunu vurğulayaraq, Əsas Qanunun 48 maddəsinin bilavasitə bu məsələləri əhatə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, həmçinin 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar idarəetmə reallıqlarına uyğun olaraq Ana Qanunun təkmilləşdirilməsini təmin edib.
Deputat əlavə edib ki, Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti bu gün ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi fonunda daha aydın görünür:
“2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi reallığın bariz nümunəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və ölkənin bütün ərazisində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması müstəqil dövlətçiliyimizin yeni mərhələsinin mühüm göstəricisidir”.
Ruslan Məmmədov




