Qaliblər Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsinə gedəcək

ELAZ.İNFO xəbər verir ki, “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur”unun qalibləri beynəlxalq finalda Azərbaycanı təmsil edəcəklər.

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən “İqtisadiyyat müsabiqəsi”nin “Milli tur” mərhələsi başa çatıb. Mərhələdə respublikanın 95 ümumi təhsil müəssisəsindən 292 şagird iştirak edib.

“Milli tur”un nəticələrinə əsasən Bakı şəhəri Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin şagirdi İlyas Budaqov, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şəfa Osmanova və Azerbaijan British College Təhsil Kompleksinin şagirdi Pərviz Əliyev Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

Qeyd edək ki, iştirakçılar “Milli tur” mərhələsində iqtisadiyyat sahəsi üzrə nəzəri biliklərini və analitik düşünmə bacarıqlarını imtahan vasitəsilə nümayiş etdiriblər. Beynəlxalq final mərhələsinə vəsiqə qazanan şagirdlər tapşırıqları ingilis dilində yerinə yetiriblər.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın