Fransanın Azərbaycan-Ermənistan münasibətlərinə yanaşması və bu siyasətin arxasında dayanan amillər son dövrlər yenidən müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Qulamhüseyn Əliyev ELAZ.İNFO -ya açıqlamasında Fransanın Cənubi Qafqaz siyasətinin həm daxili siyasi maraqlar, həm də geosiyasi hədəflərlə formalaşdığını bildirib.
Q. Əliyev qeyd edib ki, fransız jurnalist Jan-Mişel Brün öz məqaləsində Parisin Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmasının əsas səbəblərindən biri kimi Fransada yaşayan erməni icmasının seçkilərə təsir imkanlarını göstərib.
Politoloqun sözlərinə görə, ilk baxışdan bu yanaşma sadələşdirilmiş görünə bilər. Lakin demokratik ölkələrdə siyasi təsirin yalnız seçicilərin sayı ilə ölçülmədiyini nəzərə almaq lazımdır.
“Yaxşı təşkilatlanmış, siyasi baxımdan fəal və institusional əlaqələri güclü olan azsaylı seçici qrupları bəzən milyonlarla passiv seçicidən daha böyük təsir imkanına malik olur. Bu baxımdan Fransadakı erməni diasporunun təsir gücü onun sayından deyil, uzun illər ərzində formalaşdırdığı siyasi əlaqələrdən və təşkilatlanma səviyyəsindən qaynaqlanır”, – deyə o bildirib.
Q. Əliyevin sözlərinə görə, Fransanın seçki sistemi də erməni diasporunun siyasi təsir imkanlarını artıran əsas amillərdən biridir. O qeyd edib ki, Milli Məclisə seçkilərin birmandatlı dairələr üzrə keçirilməsi, Senatın isə xüsusi seçki kollegiyası vasitəsilə formalaşdırılması müəyyən bölgələrdə cəmləşmiş fəal seçici qruplarının rolunu daha da artırır.
Ekspert vurğulayıb ki, Fransadakı erməni icmasının əsas hissəsi Paris, Lion, Marsel və digər iri şəhərlərdə yaşayır və yerli siyasi proseslərdə fəal iştirak edir.
“Erməni təşkilatları uzun illərdir siyasi partiyalar, deputatlar, senatorlar, merlər, bələdiyyə üzvləri, media nümayəndələri və akademik dairələrlə sistemli şəkildə işləyirlər. Bu fəaliyyət yalnız seçki dövründə deyil, fasiləsiz şəkildə davam etdirilir. Nəticədə Ermənistanla bağlı məsələlər gündəmə gələndə artıq formalaşmış əlaqələr şəbəkəsi mövcud olur”, – deyə politoloq bildirib.
Bununla yanaşı, Q. Əliyev hesab edir ki, Fransanın Cənubi Qafqaz siyasətini yalnız erməni diasporunun fəaliyyəti ilə izah etmək düzgün olmaz.
Onun fikrincə, Parisin regiondakı siyasətinə Avropa İttifaqı daxilində liderlik iddiaları, Rusiyanın bölgədə zəifləməsi fonunda yaranan yeni geosiyasi vəziyyət, enerji təhlükəsizliyi, regional nəqliyyat-kommunikasiya layihələri, İran amili və NATO çərçivəsindəki maraqlar da ciddi təsir göstərir.
Politoloq əlavə edib ki, Azərbaycanın son illərdə Fransanın müstəmləkəçilik siyasətini beynəlxalq platformalarda gündəmə gətirməsi və bu istiqamətdə apardığı fəaliyyət də Parisin regiona münasibətinə təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər.
Q. Əliyevin fikrincə, Fransanın Cənubi Qafqaz siyasətini düzgün qiymətləndirmək üçün həm daxili siyasi amilləri, həm də beynəlxalq geosiyasi maraqları birlikdə nəzərə almaq vacibdir.
İlahə BAYINDIR


