Azərbaycanı dünyada “Odlar Yurdu” kimi tanıdan ən mühüm rəmzlərdən biri, şübhəsiz ki, Bakı yaxınlığındakı qədim Atəşgah məbədidir. Hər il minlərlə xarici turistin ziyarət etdiyi, mistik atmosferi ilə insanı valeh edən bu tarixi məkandakı alovun tarixçəsi və bu gün necə yanması isə hər kəsə məlum olmayan olduqca maraqlı faktlarla zəngindir.
ELAZ.İNFO xəbər verir ki, əsrlər boyu zərdüştilik və hinduizm ardıcıllarının müqəddəs ibadətgahı olmuş bu məbəddə alovun yaranması və sonrakı taleyi elmi cəhətdən olduqca maraqlı bir keçidə malikdir. Atəşgah məbədi Suraxanı qəsəbəsində, yer səthinə çox yaxın olan təbii qaz sızıntılarının üzərində inşa edilib. Əsrlər boyu yerin təkindən süzülən bu təbii qaz heç bir kənar müdaxilə olmadan, öz-özünə və sönmədən alovlanıb. Məhz bu təbii möcüzə məbədi qədim dövrlərdən bəri müqəddəs ocağa çevirib. Lakin zaman keçdikcə bu mənzərə tamamilə dəyişib:
XIX ərin sonları və XX əsrin ortalarında Suraxanı və ətraf ərazilərdə aparılan çox intensiv, irimiqyaslı neft və qaz hasilatı yer altındakı təbii təzyiqi kəskin şəkildə aşağı salıb. Yerüstü təbii qaz laylarının tamamilə tükənməsi nəticəsində 1969-cu ildə Atəşgahın əsrlər boyu yanan “əbədi” təbii alovu birdəfəlik sönüb.Tarixi abidənin turizm potensialını və qədim ruhunu qoruyub saxlamaq məqsədilə məbədə xüsusi süni qaz boruları çəkilib. Hazırda ziyarətçilərin gördüyü alov Bakı şəhərinin mərkəzləşdirilmiş dövlət qaz təchizatı şəbəkəsindən gələn mavi yanacaqla qidalanır. Tarixçilər və mədəniyyət ekspertləri qeyd edirlər ki, alovun texniki bərpası abidənin tarixi dəyərinə heç bir xələl gətirmir: Bu gün də öz cazibəsini itirməyən Atəşgah məbədi, həm yerli sakinlər, həm də ölkəmizə gələn xarici qonaqlar üçün Azərbaycanın zəngin tarixi keçmişini nümayiş etdirən ən möhtəşəm abidələrdən biri olaraq qalmaqdadır.
Ruslan MƏMMƏDOV


