ABŞ və İran arasında şiddətli toqquşmalar: Hürmüz boğazında gərginlik pik həddə çatdı

ABŞ və İran arasında şiddətli toqquşmalar pik həddə çatdı

ABŞ və İran hərbi qüvvələri arasında raket və pilotsuz uçuş aparatları (PUA) ilə qarşılıqlı zərbələrin endirilməsi regionda gərginliyi son həddə çatdırıb. Hürmüz boğazına nəzarət uğrunda gedən bu qanlı qarşıdurma tərəflər arasında imzalanmış müvəqqəti barışıq sazişini tamamilə təhlükə altına qoyub və qlobal bazarlarda neftin qiymətini kəskin artırıb.

ELAZ.İNFO xəbər verir ki, baş verən son hərbi eskalasiya və ABŞ-İran münaqişəsi ilə bağlı rəsmi məlumatlar yayılıb. ABŞ Prezidenti Donald Tramp bazar günü baş tutan insidentlərdən sonra bəyan edib ki, ABŞ bu strateji su yoluna tam nəzarəti öz üzərinə götürəcək və mühüm gəmiçilik marşrutunun təhlükəsizliyini təmin etdiyinə görə digər dövlətlərdən bunun kompensasiyasını (pulunu) tələb edəcək.

İran tərəfinin boğazın bağlandığını elan etməsindən sonra ABŞ Prezidenti Donald Tramp kəskin bəyanatlarla çıxış edərək atəşkəsin bitdiyini elan edib. Donald Tramp ABŞ mediasına verdiyi müsahibəsində rəsmi Vaşinqtonun geri addım atmayacağını vurğulayıb: “Biz bir razılığa gəlmişdik. Bu, artıq həll olunmuş məsələ idi, lakin onlar bu müqaviləni pozdular. Onlar həmişə müqavilələri pozurlar. Biz bu insanlarla artıq 10 dəfə razılığa gəlmişik, ona görə də indi onlara qarşı çox ağır zərbələr endirəcəyik. Biz boğazı qoruyacağıq və bunun müqabilində çox böyük məbləğdə pul alacağıq. Çünki digər dövlətlər çox zəngindir və onlar bizim tərəfimizdədir, bizdən bu işi pulsuz görməyimizi gözləyə bilməzlər”.

İran tərəfi isə rəsmi Vaşinqtona qarşı eyni dərəcədə sərt ritorika nümayiş etdirib. İranın baş danışıqçısı Məhəmməd Baqir Qalibaf bildirib ki, birtərəfli razılaşmalar dövrü artıq başa çatıb və ABŞ öz sözünün üstündə durmadığı üçün bunun bədəlini ödəyir. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq, ABŞ-ın regiondakı hərbi müdaxilələrinə cavab olaraq Bəhreyn, Küveyt, Oman və İordaniyadakı ABŞ hərbi obyektlərini, radar sistemlərini və sursat anbarlarını hədəf aldıqlarını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində İranın beynəlxalq gəmiçiliyə hücum etmək imkanlarını məhv etmək məqsədilə ölkənin cənubundakı hərbi nöqtələrə, o cümlədən Keşm, bəndər-Abbas və Abadan bölgələrinə hərbi təyyarələr, gəmilər və PUA-lar vasitəsilə dağıdıcı zərbələr endirdiyini təsdiqləyib. Son məlumatlara görə, bu hücumlar nəticəsində İranda mülki şəxslər arasında da itkilər qeydə alınıb.

Qlobal enerji təhlükəsizliyinin mərkəzi sayılan Hürmüz boğazındakı bu hərbi gərginlik dünya bazarlarına da təsirsiz ötüşməyib. “Brent” markalı xam neftin qiyməti qısamüddətli qorxu fonunda 3%-dən çox dəyər qazanıb. Beynəlxalq dəniz nəqliyyatı agentliklərinin rəsmi hesabatlarına görə, son bir neçə gündə boğazdan keçən gəmilərin aktivliyi təxminən 52% azalıb. Hazırda bölgədə gərginliyin daha da geniş miqyas alacağı ilə bağlı ciddi narahatlıqlar mövcuddur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın