Vətən müharibəsi qəhrəmanı, əfsanəvi taborun döyüşçüsü Sübhan Cəbrayılovun bacısı Kəmalə Cəbrayılova şəhid ailələrini ziyarətə gələn, dəyər verən hər bir kəsə öz minnətdarlığını bildirib.
ELAZ.İNFO-ya müsahibə verən Kəmalə Cəbrayılova bildirib ki, ziyarətə gələnlər çoxdur. Anamı, bizi tək qoymurlar. Hər bir ziyarətçinin ayaqları var olsun!
Kəmalə Cəbrayılova onu da qeyd edib ki, şəhid tək mənim yox, Salyanın yox, ümumilikdə Azərbaycanın şəhididir. Bunu bir daha Tərtər rayonundan gələn ziyarətçilər təsdiqləyir.
Uzaq məsafə qət edib, şəhidi ziyarətə gələn müəllim və şagirdlərlə ELAZ.İNFO olaraq əlaqə saxlayıb, onların öz dilindən təəsüratlarını öyrənmək istədik.
-Müəllim var tarix yazır, Müəllim var tarix müəllimidir!
Tarix müəllimi Hüseynova Qızbəs Yadigar qızı bildirdi ki, Tərtər rayonunun Umudlu kənd tam orta məktəbində həmişə şəhidlərimizi böyük ehtiramla yad edirik.
Biz şəhidlərimizi həmişə uca tutur və unudulmağa qoymuruq.
Məktəbimizdə şəhidlərimizə qoyulan abidə və açılan şəhidlər guşəsi bunun ən böyük bariz nümunəsidir. Bu guşədə əfsanəvi tabora böyük yer ayrılmışdı. Bu çox maraqlı idi, onları tanımaq, həmçinin şagirdlərimizə yaxından tanıtmaq üçün Azərbaycanımızın bütün bölgələrinə səfər edirik”.
Qızbəs Hüseynova vurğuladı ki, “Azad Həmkarlar İttifaqı Təşkilatının dəstəyindən istifadə edərək, 31.05.2025-ci il tarixində Salyan elinin iki qəhrəman oğlu Sübhan Rahim oğlu Cəbrayılovun və Qarabağ Ordenli Kamil Əliş oğlu Şirinovun ev müzeylərini kollektiv olaraq ziyarət etdik. Böyük qürur hissi ilə uzaq yol gələrək, Şəhidlərimizin ailələri ilə görüşdük və şəhidlərimizi yad etdik.
Bu görüş şagirdlərimizin həyatında silinməz iz qoydu.
Allah şəhidlərimizin ruhunu şad eləsin”.


Ruslan MƏMMƏDOV