ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın yeni mərhələyə keçməsi dünya enerji bazarında ciddi dalğalanmaya səbəb olub. Brend markalı neftin qiyməti 100 dollar həddinə yaxınlaşıb.
Bazar iştirakçıları üçün əsas narahatlıq regiondakı hərbi gərginliyin neft hasilatı və daşınmasına təsir göstərməsi ehtimalıdır. Reuters-in 9 sentyabr səhər icmalına görə Brent nefti gün ərzində 99,49 dollara qədər yüksəlib, ABŞ xam neftinin qiyməti isə 94,63 dollar ətrafında olub.
Neft qiymətindəki artım təkcə enerji şirkətlərinin gəlirlərinə təsir göstərmir. Bahalı yanacaq daşınma xərclərini artırır, bu isə ərzaqdan sənaye məhsullarına qədər geniş çeşiddə malların maya dəyərinə təzyiq yarada bilər.
Azərbaycan üçün prosesin iki istiqamətli təsiri mümkündür. Yüksək neft qiymətləri ixrac gəlirlərini dəstəkləyə bilər, digər tərəfdən isə qlobal inflyasiya və logistika xərclərinin artması dünya iqtisadiyyatındakı riskləri yüksəldir.
Hazırda bazarın əsas sualı neftin 100 dollar həddini keçib-keçməyəcəyindən daha çox, Yaxın Şərqdəki gərginliyin nə qədər davam edəcəyidir. Çünki uzunmüddətli təchizat narahatlığı qiymətlərin daha yüksək səviyyələrdə qalmasına səbəb ola bilər.
İlahə BAYINDIR


