ELAZ.İNFO xəbər verir ki, Ukraynada da gecə saatlarında vəziyyət gərginləşib. Reuters Kiyevə Rusiya tərəfindən yeni hava zərbələri endirildiyini bildirir. Hücumlar ABŞ nümayəndələrinin Ukrayna paytaxtından ayrılmasından qısa müddət sonra baş verib.
Reuters-in məlumatına görə, Rusiya paytaxta ballistik raketlərdən istifadə edib. Kiyevdə dağıntılar və yanğınlar qeydə alınıb, mülki şəxslər arasında yaralananların olduğu bildirilir.
Hücumların vaxtı xüsusilə diqqət çəkir. Çünki ABŞ tərəfinin Ukrayna üzrə diplomatik təmasları intensivləşdirdiyi bir vaxtda cəbhədə vəziyyət yenidən sərtləşir. Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ-ın qış aylarında Rusiya ilə Ukrayna arasında danışıqların bərpasında maraqlı olduğunu bildirib.
Ukraynada daxili siyasi böhran da dərinləşir
Ukraynada müharibə ilə yanaşı, daxili siyasi gündəm də diqqət mərkəzinə keçib. The Guardian-ın bugünkü məlumatına görə, Ukraynanın Baş prokuroru Ruslan Kravçenko korrupsiya araşdırması fonunda istefa verib.
Araşdırma qanunsuz çağrı mərkəzləri ilə əlaqəli olduğu iddia edilən çirkli pulların yuyulması sxemi ətrafında aparılır. Kravçenko ittihamları rədd edir və istefasını rəhbərlik etdiyi qurumun siyasi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq niyyəti ilə izah edir. Onun müavininin isə saxlanıldığı bildirilir.
Bu hadisə Ukrayna hakimiyyəti üçün həssas məqamda baş verir. Ölkədə həm müdafiə və hərbi strukturlarda dəyişikliklər, həm də korrupsiya ilə mübarizə məsələləri siyasi gündəmin əsas mövzularındandır.
İlahə BAYINDIR


