Külək

Lənkəranda güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurdu

ELAZ.İNFO xəbər verir ki, Lənkəranda gecə saatlarında yağıntı və ildırımla müşayiət olunan güclü külək bir sıra fəsadlara səbəb olub. Güclü külək xüsusilə şəhərin elektrik təsərrüfatına ziyan vurub, ayrı-ayrı küçə və kəndlərdə iri gövdəli ağaclar aşıb.

Yerli sakinlərin verdiyi xəbərlərə görə, ağacların bir hissəsi elektrik xətlərinin üzərinə düşüb. Nəticədə naqillər qırılıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Şəhidlər Xiyabanı küçəsində aşan ağac hasara və qaz borusuna da ziyan vurub. Kiçik Bazar ərazisində isə ağaclardan biri hərəkətdə olan avtomobilin üzərinə düşüb.

Hazırda aidiyyəti qurumların əməkdaşları ərazilərdə işləyir. Elektrik enerjisinin kəsildiyi yerlərdə təchizatın bərpası istiqamətində tədbirlər davam etdirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın