Rusiya üçün tarix necə təkrarlana bilər?

Rusiya üçün tarix necə təkrarlana bilər? – Politoloqdan diqqətçəkən təhlil

Azərbaycana qarşı son dövrlərdə artan informasiya hücumları, təhdidlər və təzyiq cəhdlərinin arxasında dayanan səbəblər regionda formalaşan yeni geosiyasi reallıqlardan kənarda axtarılmamalıdır.

Bu barədə ELAZ.İNFO-ya danışan politoloq Zaur İbrahimli hesab edir ki, Rusiyanın Cənubi Qafqazda baş verən dəyişikliklərə münasibəti Moskvanın postsovet məkanına dair köhnə yanaşmasının hələ də tam dəyişmədiyini göstərir.

Politoloqun fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi də müəyyən mənada zamanın dəyişdiyini qəbul etməməyin nəticəsidir.

“Rusiya uzun illər ərzində Ukraynada baş verən ictimai-siyasi transformasiyanı düzgün qiymətləndirə bilmədi. Moskva yeni siyasi reallığı qəbul etmək əvəzinə, hadisələrə keçmiş imperiya baxışları ilə yanaşdı. 2014-cü ildən sonra baş verənlər və xüsusilə 2022-ci ildə başlayan genişmiqyaslı müharibə göstərdi ki, dünya dəyişib, lakin Kremlin strateji düşüncəsində bu dəyişiklik adekvat əksini tapmayıb”, – politoloq bildirib.

Zaur İbrahimli qeyd edib ki, postsovet məkanında son illərdə baş verən proseslər Rusiyanın əvvəlki təsir mexanizmlərinin zəiflədiyini göstərir.

Onun sözlərinə görə, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə İrəvanın Moskva ilə münasibətlərində əvvəlki model dəyişməyə başladı. 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası, daha sonra isə Qarabağda suverenliyin tam təmin edilməsi regiondakı geosiyasi balansı əsaslı şəkildə dəyişdi.

Politoloq hesab edir ki, Qazaxıstan, Gürcüstan, Moldova və digər postsovet ölkələrində gedən proseslər də eyni tendensiyanın müxtəlif nümunələridir.

“Azərbaycan yeni imkanlar yaradır”

Zaur İbrahimlinin fikrincə, Azərbaycana qarşı informasiya hücumlarının əsas səbəblərindən biri də rəsmi Bakının regionda yeni əməkdaşlıq və inteqrasiya mexanizmlərinin formalaşmasında fəal rol oynamasıdır.

“Azərbaycan enerji, nəqliyyat və logistika layihələri vasitəsilə yeni alternativlər yaradır. Bakı region dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və qarşılıqlı asılılığın müsbət modelə çevrilməsinə çalışır. Bu proses Azərbaycanın regional çəkisini artırır”, – deyə politoloq vurğulayıb.

O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin genişlənməsi, Türkiyə ilə strateji tərəfdaşlığın dərinləşməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsi və Çinlə iqtisadi əlaqələrin inkişafı Bakının manevr imkanlarını artırır.

Politoloqun fikrincə, Azərbaycan eyni zamanda Qərb ölkələri ilə münasibətlərini və enerji əməkdaşlığını inkişaf etdirərək çoxvektorlu xarici siyasət xəttini qoruyur.

“Bakı münaqişələrin yerini iqtisadi əməkdaşlığın, qarşılıqlı maraqların və nəqliyyat bağlantılarının tutduğu yeni regional model formalaşdırmağa çalışır. Bu isə Cənubi Qafqazda əvvəlki təsir mexanizmlərinə öyrəşmiş qüvvələr üçün yeni vəziyyətdir”, – Zaur İbrahimli deyib.

İlham Əliyevin Moskvaya mesajı

Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin də bu baxımdan mühüm olduğunu düşünür.

Onun sözlərinə görə, dövlət başçısının “Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib” fikri regiondakı yeni reallığın mahiyyətini ifadə edir.

“Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, baş verən proseslər həm analitik səviyyədə, həm də dövlət səviyyəsində vəziyyətin yenidən qiymətləndirilməsini tələb edir. Rusiyanın Cənubi Qafqazdakı gələcək rolu isə ilk növbədə Moskvanın özünün formalaşdırmalı olduğu konsepsiyadır”, – politoloq qeyd edib.

Zaur İbrahimlinin fikrincə, burada əsas məsələ Rusiyanın regionda əvvəlki təsir imkanlarını qorumağa çalışması deyil, dəyişmiş reallığa uyğun yeni rol müəyyənləşdirməsidir.

ABŞ Vyetnamdan sonra strategiyasını dəyişdi, Rusiya isə?

Politoloq hesab edir ki, böyük dövlətlərin tarixdəki davranışları göstərir: strateji məğlubiyyətdən nəticə çıxarmaq dövlətin gələcək gücünü müəyyən edən əsas amillərdən biridir.

Onun sözlərinə görə, ABŞ-ın Vyetnam müharibəsindən sonra xarici siyasətində apardığı dəyişiklik buna nümunədir.

“ABŞ Vyetnam təcrübəsindən sonra xarici siyasətini yenidən nəzərdən keçirdi. Vaşinqton əvvəlki kimi dünyanın bütün böhranlarına birbaşa hərbi müdaxilə etmək əvəzinə, müttəfiqlərlə münasibətləri yenidən qurmağa, Çin və SSRİ ilə fərqli diplomatik mexanizmlər yaratmağa başladı. Nikson və Kissincer dövründə formalaşan yeni yanaşma son nəticədə ABŞ-ın qlobal mövqeyinin qorunmasına imkan verdi”, – deyə Zaur İbrahimli bildirib.

Politoloqun fikrincə, Rusiyanın qarşısında da oxşar seçim dayanır: dəyişən dünyaya uyğunlaşmaq və yeni strategiya formalaşdırmaq, yaxud əvvəlki imperiya yanaşmalarını davam etdirmək.

Tarixin xəbərdarlığı

Zaur İbrahimli hesab edir ki, Rusiya tarixdə artıq belə vəziyyətlə üzləşib.

1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsini xatırladan politoloq bildirib ki, çar Rusiyası həmin dövrdə Yaponiyanı zəif rəqib hesab edir və müharibəyə böyük üstünlük gözləntisi ilə başlayırdı.

Lakin nəticə tamamilə fərqli oldu.

Rusiyanın məğlubiyyəti ölkə daxilində ciddi siyasi və sosial böhranın dərinləşməsinə gətirib çıxardı və 1905–1907-ci illər inqilabi hadisələrinin əsas katalizatorlarından birinə çevrildi.

“Tarix bəzən eyni hadisələri təkrarlamır, amma eyni səhvlərin nəticələrini təkrar göstərir. Əsas məsələ həmin səhvlərdən nəticə çıxarmaqdır”, – politoloq vurğulayıb.

Onun fikrincə, Ukrayna müharibəsi də Rusiya üçün belə bir strateji sınaqdır.

“Bu gün Rusiya qarşısında fundamental seçim dayanır. Moskva dəyişən dünya düzənini qəbul edib praqmatik və realist strategiya formalaşdıracaq, yoxsa keçmişin geosiyasi təsəvvürləri ilə gələcəyi idarə etməyə çalışacaq? Cənubi Qafqazda baş verən proseslər göstərir ki, region artıq əvvəlki region deyil. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya dövlətləri və digər aktorlar yeni imkanlar formalaşdırırlar. Bu reallığı görməmək isə yalnız yeni strateji səhvlərə gətirib çıxara bilər”, – Zaur İbrahimli bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycana qarşı informasiya hücumları və təhdid ritorikasının artması da məhz bu yeni reallığa müqavimətin elementlərindən biri kimi qiymətləndirilə bilər.

“Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı regionda baş verən dəyişikliklərə uyğunlaşmaqla kifayətlənmir, özü də yeni proseslərin formalaşmasında iştirak edir. Bu səbəbdən Azərbaycan ətrafında informasiya mübarizəsinin güclənməsi təsadüfi deyil”, – politoloq əlavə edib.

Beləliklə, regionda əsas sual Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi deyil, dəyişən geosiyasi reallıq qarşısında böyük güclərin öz siyasətlərini nə dərəcədə yeniləyə biləcəyi məsələsidir.

Rusiya üçün tarix yenidən təkrarlana bilərmi? Bunun cavabını isə Moskvanın bundan sonra atacağı addımlar göstərəcək.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın