Bu ərəfədə ADPU-nun təqaüddə olan professoru Əlif Məmmədov haqqın dərgahına qovuşdu. Əlif müəllim uzun və mənalı ömr yaşadı. O, 93 illik ömrünün 50 ilini ADPU-nun riyaziyyat fakuləsində müəllim, professor, kafedra müdiri, dekan kimi vəifələrində çalışmış, minlərlə tələbəyə riyaziyyat elmini tədris etmiş, çoxsaylı aspirantlara elmi rəhbərlik etmişdi.
Professor Əlif Məmmədov mənim də müəllimim olub. 1973-1977 -ci illərdə indiki ADPU-nun riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alırdım. Əlif müəllim bizə ehtimal nəzəriyyəsi fənnindən mühazirələr oxuyurdu. O, eyni zamanda riyaziyyat fakültəsinin dekanı idi. Əlif müəllimin mühazirələri son dərəcə maraqlı və məzmunlu olurdu. O, mürəkkəb mövzuları sadə və anlaşıqlı şəkildə izah edir, tələbələrdə elmə maraq oyatmağı bacarırdı. Həm müəllim, həm alim, həm də insan kimi tələbələr arasında böyük nüfuz qazanmışdı.
O illərdə ali məktəblərə qəbul imtahanları universitetlərin özləri tərəfindən keçirilirdi. Təəssüf ki, həmin sistem müəyyən neqativ hallara da şərait yaradırdı. Bəzi ali məktəb müəllimləri bu vəziyyətdən şəxsi maraqları naminə istifadə edir, əlavə gəlir əldə etməyə çalışırdılar. Həmin dövrdə ali məktəb müəllimlərinin əməkhaqqısı da kifayət qədər yaxşı idi. Repetitorluq isə indiki qədər geniş yayılmamışdı. Xüsusilə də dekan vəzifəsində çalışan bir professorun repetitorluq etməsi demək olar ki, illik təsəvvürəgəlməz idi.
Lakin mən bir neçə dəfə Əlif müəllimin qəbuluna gedəndə maraqlı bir mənzərənin şahidi olmuşdum. Əlif müəllim öz kabinetində yeddinci-səkkizinci sinif şagirdlərinə riyaziyyatdan dərs keçirdi. Sonradan öyrəndim ki, Əlif müəllim bir neçə şagirdlə fərdi məşğul olur.
Bunun səbəbini də bilirdim. Ailəsi böyük idi, maddi məsuliyyəti çox idi. Amma o, son dərəcə təmiz, halal və vicdanlı insan idi. Halal maaşından başqa qeyri-qanuni heç bir gəlir mənbəyi heç vaxt olmayıb. O həm universitetdə dərs deyir, həm müəllimlərin ixtisasartırma kurslarında çalışır, boş vaxtlarında isə bir neçə məktəbli ilə fərdi məşğul olurdu. O, bütün ömrü boyu halal zəhmətlə yaşamış, əməyinə arxalanmış bir ziyalı olub.
Sonralar tale elə gətirdi ki, mən də həmin fakültədə müəllim kimi fəaliyyətə başladım. Təxminən on il riyaziyyatın tədrisi metodikası kafedrasında işlədim, dosent oldum. 1998-ci ildə isə informatika kafedrasına keçdim və Əlif müəllimlə eyni kafedrada çalışmağa başladıq. Əlif müəllim kafedra müdiri idi. Bu illər ərzində münasibətlərimiz daha da yaxınlaşdı. Artıq təkcə müəllim və tələbə deyil, həm də həmkar idik. Biz Əlif müəllimdən təkcə elmi deyil, həm də müəllimliyi, insanlığı, mübarizliyi, prinsipiallığı və həyat məktəbini öyrənirdik. Onunla bağlı yaddaşımdan heç vaxt silinməyən bir hadisəni xüsusi qeyd etmək istəyirəm.
2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 85 illik yubileyi qeyd olunurdu. Bu münasibətlə bir qrup müəllim müxtəlif fəxri adlara və mükafatlara layiq görüldü. Axşam televiziyada təltif edilənlərin siyahısını izləyərkən mən tam əmin idim ki, bizim kafedradan ən azı Əlif müəllim təltif olunanlar sırasında olacaq. Lakin siyahı sona çatdı və onun adı səslənmədi. Bunu böyük ədalətsizlik hesab etdim.
Onu da qeyd edim ki, həmin vaxt universitetə yeni rektor təyin edilmişdi, cəmi bir ay idi bu vəzifədə çalışırdı və kollektivi hələ kifayət qədər tanımırdı.
Səhəri gün kafedraya gələndə Əlif müəllimin çöhrəsinə baxan kimi hiss etdim ki, gecəni rahat keçirməyib. Rəngi avazımışdı, çox fikirli və yorgun görünürdü. Həmən vaxt kafedrada xeyli müəllim var idi. Hamı ilə salamlaşdıqdan sonra ucadan dedim:
— Əlif müəllim, hiss edirəm ki, gecə yatmamısınız. Sizi narahat edən səbəbi də bilirəm. Bu hadisə təkcə sizi yox, bizi də narahat edib. Mən hesab edirəm ki, sizə qarşı haqsızlıq olunub. Əgər fakültədən bir nəfərə fəxri ad verilməli idisə, o adam ilk növbədə siz olmalı idiniz.
Sonra sözümə davam etdim:
— Amma bunu ürəyinizə salmayın. Mənim sizin haqqınızda bir arzum var. İnsanların sizə verməli olduğu mükafatı onlar vermədilər. Arzu edirəm ki, Allah həmin mükafatın əvəzini sizə versin, O, Sizə nə ömür yazıbsa, o ömrə 20 il də əlavə etsin.
Bu sözləri deyən kimi Əlif müəllimin çöhrəsi tamamilə dəyişdi. Üzünə təbəssüm qondu. Ayağa qalxdı, mənə yaxınlaşıb əlimi möhkəm sıxdı, məni qucaqladı və dedi:
— İlham müəllim, çox sağ olun. Siz məni böyük bir stressdən çıxardınız. İnanın ki, dünən axşamdan özümə gələ bilmirdim. Mən o fəxri ada görə yox, evdə nəvələrimin suallarına cavab tapa bilmədiyim üçün narahat idim. Onlar deyirdilər: “Baba, sən hamısından çox işləyirsən, niyə sənə fəxri ad vermədilər?” Mən onlara nə cavab verəcəyimi bilmirdim. Amma sizin bu sözünüz ürəyimə su səpdi.
O gündən sonra Əlif müəllim dəfələrlə həmin söhbəti xatırlayardı. Hər dəfə deyirdi:
— İlham müəllim, o dediyiniz söz mənə elə təsir etdi ki, heç vaxt yadımdan çıxmır. Mən onu ailəmə də danışmışam, dostlarıma da danışmışam.
Hətta yaxın dostları — dosent Həsən Sadıqov və dosent İbrahimxəlil Xəlilov da bu söhbəti eşidəndə çox bəyəndiklərini mənə söyləmişdilər.
Bu hadisə mənim yaddaşımda təkcə bir xatirə kimi deyil, həm də böyük bir həyat dərsi kimi qalıb. Bəzən səmimi deyilən bir neçə kəlmə insanın ala bilmədiyi mükafatdan daha qiymətli olur. İnsan bir daha əmin olur ki, onun zəhməti hədər olmayıb. O, məmurların yadından çıxsa da, bəndənin və Allahın yadındadır.
Professor Əlif Məmmədov ömrünü elmə, müəllimliyə və insan yetişdirməyə həsr etmiş əsl ziyalılardan idi. O, bizim universitetin, riyaziyyat fakültəsinin və bütövlükdə Azərbaycan pedaqoji ictimaiyyətinin ən nümunəvi müəllimlərindən biri kimi yaddaşlarda yaşayır.
Həmən söhbətdən düz 20 il keçib. Əlif müəllim, 2026-cı ilin iyun ayında, 93 yaşında dünyasını dəyişdi. Allah mənim duamı eşitdi, Əlif müəllimin ömrünə 20 il də əlavə etdi. Qəbul edilən duaların içində tələbənin öz müəllimi haqqında etdiyi dua da var.
Allah professor Əlif Məmmədova rəhmət eləsin. Onun əziz xatirəsi həm tələbələrinin, həm də həmkarlarının qəlbində həmişə yaşayacaq.
Dosent İlham Əhmədov


