ELAZ.İNFO xəbər verir ki, İspaniyanın Şimali Afrikadakı Seuta anklavına qanunsuz keçməyə çalışan miqrantlar arasında olan 11 yaşlı mərakeşli uşağın sərhəddə yaşadığı anlar geniş müzakirələrə səbəb olub.
Məlumata görə, azyaşlı uşaq sərhədi tək keçdikdən sonra onu Mərakeşə geri göndərməmələri üçün İspaniya təhlükəsizlik əməkdaşına müraciət edib. Hadisə zamanı uşağın göz yaşları içində zabitdən kömək istədiyi bildirilir.
Bundan sonra təhlükəsizlik əməkdaşı uşağı aidiyyəti qurumlara təhvil verib. O, əvvəlcə Mülki Qvardiyanın nəzarətinə götürülüb, daha sonra isə miqrasiya və uşaq müdafiəsi xidmətlərinin himayəsinə verilib.
İspaniya qanunvericiliyinə əsasən, ölkəyə müşayiətsiz daxil olan yetkinlik yaşına çatmamış şəxslər xüsusi müdafiə mexanizmləri ilə təmin olunur. Bu səbəbdən azyaşlının ölkədə qalmasına icazə verildiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, beynəlxalq və Avropa hüququna görə, müşayiətsiz azyaşlı miqrantların təhlükəsizliyi prioritet hesab edilir və onların taleyi ilə bağlı qərarlar ilk növbədə uşağın maraqları nəzərə alınmaqla qəbul olunur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə İspaniya təhlükəsizlik əməkdaşının uşağı sakitləşdirərək onu təhlükəsiz əraziyə aparması istifadəçilər tərəfindən geniş müzakirə edilir.
İlahə BAYINDIR


