Pentaqonun yeni axtarışı

Pentaqonun yeni axtarışı: ABŞ İrana qarşı alternativ ssenarilər hazırlayır

ABŞ-ın Yaxın Şərq siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Son günlər yayılan məlumatlar göstərir ki, Vaşinqton İrana qarşı təzyiq imkanlarını genişləndirmək üçün yeni yanaşmalar üzərində düşünür.

ELAZ.İNFO xəbər verir ki, beynəlxalq mediada yayılan məlumatlara əsasən, ABŞ Mərkəzi Komandanlığında xidmət edən hərbi analitiklərdən və zabitlərdən İrana qarşı tətbiq oluna biləcək qeyri-ənənəvi addımlarla bağlı təkliflər istənilib. Məqsəd mövcud şəraitdə yeni fəaliyyət variantlarını qiymətləndirməkdir.

Müşahidəçilərin fikrincə, bu addım Vaşinqtonun regiondakı vəziyyəti yenidən dəyərləndirdiyini göstərir. Son aylarda İran ətrafında baş verən hadisələr və artan gərginlik fonunda ABŞ administrasiyası hərbi, siyasi və diplomatik seçimləri paralel şəkildə nəzərdən keçirir.

Bəzi analitiklər hesab edirlər ki, genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsi həm maliyyə, həm də hərbi baxımdan əlavə risklər yarada bilər. Digər ekspertlər isə diplomatik təzyiq və iqtisadi alətlərin daha çox ön plana çıxacağını istisna etmirlər.

Eyni zamanda, İranın da prosesləri diqqətlə izlədiyi və regional balansın dəyişməsini gözlədiyi bildirilir. Təhlilçilərin qənaətinə görə, qarşıdakı dövrdə Vaşinqton və Tehran arasında atılacaq addımlar təkcə Yaxın Şərqin deyil, qlobal təhlükəsizlik gündəminin də əsas mövzularından biri olacaq.

Qeyd edək ki, ABŞ rəsmiləri yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın