ELAZ.İNFO xəbər verir ki, Ukraynanın Kramatorsk şəhərinə endirilən aviazərbə nəticəsində azı 24 nəfər xəsarət alıb.
İlkin məlumata görə, zərbə nəticəsində 14 mərtəbəli yaşayış binasında genişmiqyaslı yanğın baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər alovun bürüdüyü binada köməksiz vəziyyətdə qalan 9 nəfəri xilas ediblər. Onların arasında hərəkət imkanları məhdud olan 3 nəfərin də olduğu bildirilir.
Bundan əlavə, daha 4 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Yanğınsöndürənlər ümumilikdə 2300 kvadratmetr sahəni əhatə edən yanğını nəzarət altına ala biliblər.
Məlumata əsasən, hücum nəticəsində 6 çoxmənzilli yaşayış binası, 2 təhsil müəssisəsi, 8 minik avtomobili və digər mülki infrastruktur obyektlərinə də ziyan dəyib.
Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
İlahə BAYINDIR


