sosial gərginlik və cinayət statistikası

Artan sosial gərginlik və cinayət statistikası səhv qərarlardan xəbər verir

Hər şey İkinci Dünya Müharibəsindən sonra başladı. Dağılmış Avropanı yenidən qurmaq və zavodları işlətmək üçün gənc işçi qüvvəsinə ehtiyac var idi. Almaniya Türkiyədən qonaq işçilər gətirdi. Fransa Şimali Afrikadakı keçmiş müstəmləkələrindən insanları cəlb etdi. İngiltərə isə Hindistan, Pakistan və Karib hövzəsinə qapılarını açdı. İlkin plan çox sadə idi: Bu insanlar gələcək, bir neçə il işləyəcək və vaxtı çatanda geri qayıdacaqlar. Lakin onlar qaldılar, ailələrini gətirdilər və yerləşdilər.

Kütləvi miqrantlar sırf uşaqları vətəndaşlıq alsın və bunun sayəsində özləri də o ölkədə yaşamaq haqqı qazanıb deportasiyadan yaxasını qurtarsın deyə hamilə vəziyyətdə sərhədlərə axın etdilər. Valideynlər o uşaqlar vasitəsilə Avropaya “lövbər atdıar”.

Avropa hökumətləri isə buna qarşı çıxmadı. Onlar hesab edirdilər ki, bu fərqliliklər cəmiyyəti daha zəngin və rəngarəng edəcək, “qoy hərə öz mədəniyyətini yaşatsın” deyərək prosesi başlı-başına buraxdılar.

Yeni gələnlər böyük şəhərlərin kənarlarında öz qapalı məhəllələrini qurdular. Bu məhəllələrdə insanlar onilliklər boyu yaşasalar da, ölkənin dilini öyrənməyə ehtiyac duymadılar. Onların öz dükanları, öz kafeləri, öz məscidləri və ən əsası öz yazılmamış qaydaları yarandı.

Nəticədə bir dövlətin içində qanunları və dəyərləri fərqli olan, bəzən polisin belə girməyə çəkindiyi paralel cəmiyyətlər meydana gəldi. Nəticədə cəmiyyətdə gettolaşma getdi.

Avropanın fundamental dəyərləri ilə miqrantların ənənələri ziddiyyət təşkil etdi. Qərbdə qadın-kişi bərabərliyi əsas prinsipdir. Lakin bəzi miqrant icmaları öz vətənlərindəki ənənələri (hicab, məcburi evliliklər) Avropanın mərkəzinə gətirdilər. Dövlət buna müdaxilə etmək istəyəndə isə “siz bizim mədəniyyətimizə hörmətsizlik edirsiniz” reaksiyası ilə üzləşdi.

Cəmiyyətdə bir-birilərinə nifrət edən təbəqələr yarandı, bəzən qanlı toqquşmalara səbəb oldu. Hökumətlər uzun müddət bu problemləri irqçi damğası almamaq üçün görməzdən gəldi, xalçanın altına süpürdü.

Bu gün Paris, Berlin və ya London küçələrindəki artan sosial gərginlik və cinayət statistikası vaxtilə verilmiş səhv qərarlardan xəbər verir.

Benjamin KARİMOV

Bizi izləyin və paylaşın