ELAZ.İNFO xəbər verir ki, mərasim Azərbaycanın və Qırğızıstanın dövlət bayraqları ilə bəzədilmiş meydanda keçirilib. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb və Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını rəsmi şəkildə qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb, ardınca isə Azərbaycan və Qırğızıstan prezidentləri əsgərlərin önündən keçərək onları ehtiramla salamlayıblar.
Mərasim çərçivəsində Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunub.
Rəsmi qarşılanma mərasimi fəxri qarovul dəstəsinin hərbi marşın müşayiəti ilə prezidentlərin qarşısından keçməsi ilə davam edib. Tədbirin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov birgə rəsmi foto çəkdiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və bir sıra vacib sənədlərin imzalanması nəzərdə tutulur.
İlahə BAYINDIR


