Ən qədim kəhrəba", "385 milyon il", "devon dövrü" və "paleontoloji kəşf"

Yer kürəsinin ən qədim kəhrəbası tapıldı: 385 milyon il yaşı var!

Paleontologiya dünyasında inqilabi kəşf baş verib. Alimlər indiyədək Yer kürəsində tapılmış ən qədim kəhrəba nümunələrini aşkar ediblər. Devor dövrünün sonlarına aid olan bu tapıntı əvvəlki dünya rekordçusundan bütöv bir era qədər qədimdir.

ELAZ.İNFO xəbər verir ki, Çinin Sincan-Uyğur Muxtar Rayonunda təqribən 385 milyon il əvvəl qədim ağacların qatranından formalaşmış unikal kəhrəba nümunələri aşkar edilib. Bu kəhrəba bundan əvvəl məlum olan ən qədim analoqundan 65 milyon il daha böyükdür. Tədqiqatçıların bu sensasiyalı tapıntı barədə məqaləsi nüfuzlu “Science Advances” jurnalında dərc olunub. Alimlər məqalədə yazırlar:

“Biz indiyədək məlum olan ən qədim kəhrəba nümunəsini 385 milyon il əvvəl formalaşmış süxurlarda tapdıq. Kimyəvi tərkibinə görə bu kəhrəba müasir iynəyarpaqlı ağacların qatranına bənzəyir. Bu isə o deməkdir ki, Yerdəki ilk damarlı bitkilər hələ devon dövrünün ortalarında qatranın əsas komponentlərini ifraz etməyi öyrənmişdilər. Məhz bu xüsusiyyət onların daş kömür (karbon) dövründəki gələcək qlobal üstünlüklərinin əsasını qoyub”.

Bu böyük elmi kəşf Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun professoru Van Bonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən gerçəkləşdirilib. Qazıntı işləri Qazaxıstan ilə Sincan-Uyğur Muxtar Rayonunun sərhədinə yaxın yerləşən Xoboksar qəsəbəsi ətrafında aparılıb. Məhz bu ərazidə qurunun ilk ali bitkilər tərəfindən məskunlaşdırıldığı orta devon dövrünə aid süxurlar yerləşir.

Yerli kömür yataqlarında aparılan tədqiqatlar zamanı alimlər uzunluğu təxminən 1 millimetr olan bir neçə kəhrəba fraqmenti aşkar ediblər. Həmin nümunələrin bəzilərində qədim hava qabarcıqları və hələlik mənşəyi tam öyrənilməmiş bərk hissəciklər mövcuddur. Alimlər infraqırmızı spektrometr vasitəsilə bu kəhrəbaların kimyəvi tərkibini təhlil edib və onları digər qədim kəhrəbalarla, eləcə də müasir bitkilərin qatranları ilə müqayisə ediblər. Analizlər göstərib ki, devon dövrünə aid bu kəhrəba Fransada (Uaza çayı sahilində) və Çinin Futsyan əyalətində tapılan və dinozavrların nəslinin kəsilməsindən sonra yaranan nisbətən cavan nümunələrdən kəskin şəkildə fərqlənir. Maraqlıdır ki, bu tapıntı müasir şam, sərv və araukariya kimi iynəyarpaqlı ağacların qatranı ilə demək olar ki, eynidir. Bu isə onu yer üzünün ilk çılpaqtoxumlu bitkiləri ilə əlaqələndirməyə imkan verir.

Professor Van Bo və həmkarlarının fikrincə, bu kəşf ali bitkilərdə qoruyucu qatranın yaranma tarixini ən azı 65 milyon il geriyə — karbon dövrünün sonundan devon dövrünün ortalarına çəkir. Bu, ağacların hələ yer üzündə dominant flora növünə çevrilməzdən əvvəl öz zədələnmiş hissələrini qatran vasitəsilə qorumaq qabiliyyətinə yiyələndiklərini sübut edir. On milyonlarla il əvvəl formalaşmış qədim kəhrəba parçaları təkcə paleontoloqlar üçün deyil, həm də iqlimşünaslar və geofiziklər üçün ən qiymətli tapıntılardan hesab olunur. Kəhrəbanın daxilində qədim Yerin atmosferinə aid hava qabarcıqları ilə yanaşı, qədim həşəratların bədənləri, ilk çiçəkli bitkilərin qalıqları, quşların və hətta dinozavrların lələkləri, bəzən isə onların yumşaq toxumaları milyon illər boyunca mükəmməl şəkildə qorunaraq günümüzə qədər gəlib çatır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın