Azərbaycanda gənc kadrların peşəkarlıq səviyyəsinin artırılması və turizm sektorunun müasir standartlara uyğun inkişaf etdirilməsi istiqamətində növbəti addım atılıb. Dövlət və özəl sektorun, eləcə də elmi müəssisələrin birgə fəaliyyəti sayəsində gələcəyin turizm mütəxəssisləri üçün xüsusi praktiki platforma yaradılıb.
ELAZ.İNFO xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, ATMU, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə universitetin istedadlı tələbələri iştirak edir.
Düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində potensialını gücləndirməkdir. Eyni zamanda, bu layihə dövlət–universitet–özəl sektor əməkdaşlığı nümunəsi kimi çıxış edərək turizm təhsili ilə sənayenin birgə fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir.
“TourismLAB” Yay Düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin ən aktual mövzularını əhatə edən interaktiv təlimlər, maraqlı panel müzakirələri və master-klasslar keçirilir. Bununla yanaşı, tələbələrin komanda quruculuğuna (teambuilding) yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də zəngin sosial-mədəni proqramları təşkil olunur.
Düşərgə proqramı iştirakçıların fərdi və peşəkar inkişafını dəstəkləməklə bərabər, onların gələcək karyeralarında mühüm rol oynayacaq kommunikasiya bacarıqlarının təkmilləşməsinə güclü töhfə verir.
Ruslan MƏMMƏDOV


