Bakı və Bratislava yaxınlaşır: Azərbaycan ilə Slovakiya arasında yeni turizm memorandumu imzalandı

Azərbaycan ilə Slovakiya arasında yeni turizm memorandumu imzalandı

Azərbaycanın beynəlxalq iqtisadi və mədəni əlaqələrinin coğrafiyası genişlənməkdə davam edir. Avropanın aparıcı ölkələri ilə qurulan tərəfdaşlıq platformaları çərçivəsində xüsusilə turizm sektorunun inkişafı və qarşılıqlı turist mübadiləsinin artırılması istiqamətində mühüm sazişlər əldə olunur.

ELAZ.İNFO xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

İmzalanan memoranduma əsasən, tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə B2B (biznesdən-biznesə) formatlı tədbirlərin, eləcə də turizm sənayesi və media nümayəndələri üçün qarşılıqlı tanışlıq səfərlərinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, sənəddə hər iki ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi və turizm sənayesi subyektləri arasında əlaqələrin inkişafı məqsədilə birgə marketinq və tanıtım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xüsusilə qeyd edək ki, iki ölkə arasında turist axınının asanlaşdırılması məqsədilə “Wizz Air” aviaşirkəti tərəfindən yaxın vaxtlarda Bakı və Bratislava şəhərləri arasında birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın