Baş planın detalları açıqlandı

Qubadlı şəhərinin yenidən qurulmasına start verildi – Baş planın detalları açıqlandı

ELAZ.İNFO 

Qubadlı şəhərinin yenidən qurulması və bərpası istiqamətində mühüm mərhələ başlayıb. Nazirlər Kabinetinin təsdiq etdiyi Baş plana əsasən, şəhərin müasir standartlara uyğun şəkildə yenidən inşası həyata keçiriləcək.

ELAZ.İNFO xəbər verir ki, “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və bütün tikinti-quruculuq işləri bu sənəd əsasında icra olunacaq.

Layihəyə əsasən, Qubadlı şəhəri 505 hektar ərazini əhatə edəcək. İlkin mərhələdə burada 14 min nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Şəhərdə müasir yaşayış məhəllələri, sosial infrastruktur, təhsil və səhiyyə müəssisələri, eləcə də istirahət və yaşıllıq zonalarının yaradılması planlaşdırılır.

Baş plan çərçivəsində şəhərin dayanıqlı inkişafı, müasir şəhərsalma prinsiplərinin tətbiqi və sakinlər üçün rahat yaşayış mühitinin formalaşdırılması əsas prioritetlərdən biri olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qubadlının işğaldan azad edildiyi 25 oktyabr tarixi hər il rəsmi olaraq “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri davam etdirilir. Qubadlı şəhərinin yenidən qurulması da həmin layihələrin mühüm tərkib hissəsi hesab olunur.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın