Azərbaycan və Qırğızıstan arasında həmkarlar ittifaqları səviyyəsində əlaqələrin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və sağlamlıq turizminin inkişafı istiqamətində yeni mərhələ başlayır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının “Həmkarlar İttifaqı Turizmi” Müəssisəsinin nümayəndə heyəti ilə geniştərkibli görüş keçirilib.
ELAZ.İNFO xəbər verir ki, tərəfdaşlıq münasibətlərinin praktiki müstəviyə keçirilməsi məqsədilə təşkil olunan bu görüşdə turizm və sanatoriya-kurort sektorunda mühüm razılaşmalar əldə edilib. Görüş zamanı AHİK rəsmiləri konfederasiya tərəfindən zəhmətkeşlərin əmək hüquqlarının müdafiəsi, o cümlədən ittifaq üzvlərinin sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işləri diqqətə çatdırıblar. Bu çərçivədə xidmət keyfiyyətinin artırılmasına xidmət edən innovativ addımlar xüsusi vurğulanıb:
İstirahət yollayışlarının tam şəffaf və operativ şəkildə elektron portal üzərindən paylanması mexanizmi qonaqların böyük marağına səbəb olub. Konfederasiyanın tabeliyində fəaliyyət göstərən “Kurort” Turizm İnformasiya Mərkəzinin, eləcə də Turizm və Ekskursiyalar Şurasının fəaliyyət profili təqdim edilib. “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) idarəetməsində olan sağlamlıq və istirahət mərkəzlərində həyata keçirilən yenidənqurma, infrastrukturun müasirləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar barədə geniş məlumat verilib.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının “Həmkarlar İttifaqı Turizmi” Müəssisəsinin baş direktoru Kubanıçbek Kanıbekov səfər proqramının olduqca səmərəli keçdiyini bildirib. Baş direktor vurğulayıb ki, Azərbaycana səfər çərçivəsində AHİK-in müasir sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şəraitlə, tətbiq olunan qabaqcıl idarəetmə mexanizmləri və xidmət standartları ilə yaxından tanış olmaq imkanı qazanıblar. K. Kanıbekov Azərbaycanın bu sahədə qazandığı zəngin təcrübənin Qırğızıstan üçün olduqca faydalı və tətbiqolunandır olduğunu xüsusi qeyd edib.
Müzakirələrin məntiqi yekunu olaraq, AHİK-in tabe təşkilatı olan “Kurort” QSC ilə Qırğızıstanın “Həmkarlar İttifaqı Turizmi” Müəssisəsi arasında sanatoriya-kurort və turizm sahəsində əməkdaşlığa dair rəsmi Anlaşma Memorandumu imzalanıb. İmzalanan bu sənəd iki qardaş ölkə arasında aşağıdakı strateji hədəfləri nəzərdə tutur: Müvafiq sahədə mütəmadi olaraq qarşılıqlı təcrübə mübadiləsinin aparılması; Sanatoriya-kurort və turizm sektorunun inkişafı üçün birgə layihə və təşəbbüslərin reallaşdırılması; Hər iki ölkənin həmkarlar ittifaqı üzvlərinin sağlamlıq turizmi imkanlarından qarşılıqlı şəkildə faydalanmasının təmin edilməsi.
Ruslan MƏMMƏDOV


