Azərbaycanda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısının daxili reyestrinin təkmilləşdirilməsi, mövcud xətaların aradan qaldırılması və yeni aşkar edilmiş tarixi obyektlərin dövlət mühafizəsinə daxil edilməsi istiqamətində mühüm addımlar atılır.
ELAZ.İNFO xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurasının fəaliyyətinin əhəmiyyətini və indiyədək həyata keçirilən işlərin nəticələrini diqqətə çatdırıb. Nazir müavini Səadət Yusifova bildirib ki, 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan səhvlərin aradan qaldırılması, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən yeni obyektlərin dövlət mühafizəsinə daxil edilməsi məqsədilə yaradılmış Ekspert Şurası öz fəaliyyətini uğurla davam etdirir. Onun sözlərinə görə, ötən dövr ərzində 4000-ə yaxın abidə və yeni aşkar edilmiş nümunə barədə müvafiq ekspertiza aktı hazırlanıb və toplanmış materiallar mərhələli şəkildə Şuranın müzakirəsinə təqdim olunur.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan yeni məsələlər barədə məlumat verib. Şura sədri Gülçöhrə Məmmədova qeyd edib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən rəsmi siyahıya əlavə və düzəlişlərin edilməsi məqsədilə toplanmış ən son materiallar Ekspert Şurasına təqdim olunub.
İclasda müxtəlif bölgələr və kateqoriyalar üzrə yeni abidələrin dövlət mühafizəsinə götürülməsi məsələsi geniş müzakirə edilib: Gəncə şəhərində yerləşən 25 yeni nümunə; Bağ-park, monumental və xatirə abidələri kateqoriyası üzrə 32 nümunə; Arxeoloji abidələr kateqoriyası üzrə 8 nümunə; Vətəndaş müraciətləri əsasında formalaşmış 1 yeni aşkar olunmuş abidə nümunəsi. Sözügedən məsələlər ətrafında Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan həmin obyektlərin rəsmi dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsinə dair müvafiq qərarlar qəbul edilib.
Ruslan MƏMMƏDOV


