Sosial şəbəkələrdə Rusiyadan yayılan son görüntüləri yəqin ki, hamınız izləyirsiniz. Dünya boyda iddiaları olan, hər kəsə yuxarıdan aşağı baxan o nəhəng, o “məğlubedilməz” imperiya bu gün elə bir aciz, elə bir rüsvayçı və gülünc vəziyyətə düşüb ki, adam baxanda qeyri-ixtiyari gülümsəyir.
ELAZ.İNFO xəbər verir ki, üstündə oturduğu neft-qaz dənizinin içində bir litr benzin tapmaq üçün yanacaqdoldurma məntəqələrində bir-birini təhqir edən, saçyoldusu edən, ən primitiv ağrıkəsici dərman üçün apteklərin qabağında kütləvi davaya çıxan o “böyük” xalqın acınacaqlı şousunu izləyirik. Sanksiyaların, idarəsizliyin və daxili çürümənin altında diz çökən bu sistem, özünü dünyaya supergüc kimi sırımağa çalışsa da, reallıqda bir neçə qutu dərman və bir neçə litr yanacaq böhranı qarşısında bütün maskasını itirib. Nüvə silahı ilə hədə qorxanların adi bir təchizat problemində necə vahiməyə düşdükləri, bir-birlərini necə diddikləri tarixin ən böyük tapmacası və məsxərə mənzərəsidir!
Bəli, bu gün onların yaşadıqları rüsvayçılıq əslində vaxtilə bizə yaşatdıqlarının ilahi cavabıdır! Yaxın keçmişin ən ağır 90-cı illərində bizi çörəklə, qazla, işıqla imtahana çəkənlər, torpaqlarımızı işğal edib minlərlə soydaşımızı yurdundan-yuvasından didərgin salanlar bu gün özləri öz oyunlarının qurbanı olublar. Vaxtilə Qarabağda bizə yuxarıdan aşağı baxan, qanunsuz məskunlaşan o separatçı marionetlərin bu yaxınlarda qorxaqcasına, arxalarına belə baxmadan köçüb getməsini hamımız gördük. İndi isə onları bəsləyən imperiyanın özü daxildən qaynayır, öz canının hayına qalıb. Zaman elə gətirdi ki, vaxtilə bizi çörək növbələri ilə sındırmaq istəyənlər indi adi benzinin, dərmanın üstündə bir-birini qırır. Amma fərqimiz bilirsinizmi nədədir? Azərbaycan xalqı o çətin illərdə aclıqla, yoxsulluqla, un qıtlığı ilə sınağa çəkiləndə, saatlarla çörək növbələrində gözləyəndə belə öz mədəniyyətini, əxlaqını, böyüyə-kiçiyə olan sayğısını heç vaxt itirmədi. Bir tikə çörək üçün heç kim ləyaqətini ayaqlar altına atmadı, xalqımız köçkünlük acısını böyük bir əzm, dəyanət və ləyaqətlə daşıdı. Bu gün isə bolluq içində belə insaniyyətlərini unudanların bu acizliyi bizim mənəvi ucalığımızın sübutudur.
“Tarixdə hələ bir imperiya belə əbədi olmayıb və bu gün hegemonluq edənlərin aqibəti də eyni qaçılmaz sonluğa doğru gedir. Nəhəng bir coğrafiyaya yayılan Rusiyanın torpağının böyük bir hissəsinin əslində qədim türk yurdları olduğunu, daxilindəki millətlərin yarıdan çoxunun türk kökənli olarkən zamanla məcburən ruslaşdırıldığını nəzərə alsaq, ilahi ədalətin harada olduğu aydın görünür”. Biz hər zaman bilirdik ki, Azərbaycan güclü kimsədən kömək istəmədən, başqa dövlətlərin mərhəmətinə sığınmadan öz suverenliyini bərpa edəcək. Məhz bu inamla dövlət xalqa, xalq dövlətə dayaq oldu, bir yumruq kimi sıx birləşərək bu gün dünyaya səs salan qabaqcıl ölkələrdən birinə çevrildik. Biz heç vaxt kiminsə malına, mülkünə, tarixi torpağına göz dikmədik, sadəcə özümüzə məxsus olanı geri aldıq.
Bu gün dik başla, alnıaçıq və qürurla addımlayan qalib Azərbaycan xalqının gücü keçdiyi o çətin yollarda itirmədiyi mənəviyyatındadır; öz daxilindəki benzin növbəsində diz çökən oyuncaq imperiyaların fonunda Azərbaycan bu gün dünyaya ləyaqət dərsi keçir. Allahın ədaləti mütləqdir və haqq sadəcə zamanı gələndə öz amansız hökmünü icra edir!
Ruslan MƏMMƏDOV


