Vüqar Əliyevin məhkəməsi başlayıb

ELAZ.İNFO xəbər verir ki, üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılır.

Bugünkü hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Ardınca isə proses gərgin atmosferdə davam edib. Belə ki, əvvəlcə dövlət ittihamçısı Valeh Ələkbərov məhkəmə istintaqının qapalı keçirilməsini istəyib. İttihamçı bunu işdə kifayət qədər kommersiya sirri təşkil edən məlumatların olması ilə əlaqələndirib. Zərərçəkmiş qismində tanınmış “Azenco”nun nümayəndəsi bu vəsatəti dəstəkləsə də, müdafiə tərəfi etiraz edib.

Təqsirləndirilən şəxs özü və vəkili də məhkəmənin açıq keçirilməsini xahiş ediblər. Müdafiə tərəfi belə hesab edir ki, işə qapalı baxılması üçün əsaslar yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs ittihamla razılaşmadığından istintaqın açıq aparılmasını istəyib. Müdafiə tərəfi iki vəsatət qaldırıb. Onlardan birincisi ibtidai istintaq zamanı həvalə qərarı qəbul edilənə kimi toplanmış sübutların iş materiallarından çıxarılması, digəri isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.

Vəkil sonuncu vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxsin 5 azyaşlı övladı var, həmçinin bəlli yaşayış yeri olduğundan istintaqdan yayınma fikri yoxdur.

Müdafiəçinin ilk çıxışından məlum olub ki, Vüqar Əliyev “Azenco”da işə başlayandan cəmi 2 ay sonra şirkətin əsl sahibi olduğu deyilən Etibar Pirverdiyev (“Azərenerji”nin keçmiş rəhbəri-red) onu Müşahidə Şurasının sədri təyin edib. Amma sonradan Pirverdiyevin ona qarşı münasibəti dəyişib.

Aydan

Bizi izləyin və paylaşın