Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinin sosial-psixoloji cəhətdən dəstəklənməsi və ictimai fəallığının artırılması məqsədilə mühüm layihə icra olunub.
ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Salyan Rayon Heydər Əliyev Mərkəzində növbəti tədbir baş tutub. Maarifləndirmə görüşü “Könüldə Nur” Kimsəsizlərin və Xüsusi Qayğıya Ehtiyacı Olanların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə” layihəsi çərçivəsində təşkil edilib.
Tədbirdə rəsmi qonaqlar və ekspertlər çıxış edərək mövzunun aktuallığına toxunublar. Salyan Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi məsələlər üzrə sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Sevinc Səmədova, layihə rəhbəri Könül Qasımova, təşkilatın sədr müavini, politoloq-pedaqoq Zülfiyyə Qasımova, Rayon Polis Şöbəsinin sahə rəisi Zamiq Rüstəmov, “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova və Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova öz çıxışlarında bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Natiqlər vurğulayıblar ki, tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini maarifləndirmək, onların gündəlik qayğı prosesində bilik və bacarıqlarını artırmaq, ailələri sosial-psixoloji dəstəklə təmin etmək, uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək və ailələrin daha fəal, ictimai iştirakına dəstək verməkdir.
Görüşdə rayonda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri, müvafiq idarə və təşkilatların nümayəndələri, eləcə də “Murad” Əlillər İctimai Birliyinin üzvləri fəal iştirak ediblər. Valideynlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.
Ruslan MƏMMƏDOV


