Yeraltı keçiddən istifadə etməyən piyadalar qəza riskinə səbəb oldu

Yeraltı keçiddən istifadə etməyən piyadalar qəza riskinə səbəb oldu

Yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün bütün iştirakçıların qaydalara əməl etməsi vacibdir. Piyadaların da yol hərəkətinin tamhüquqlu iştirakçıları olduğu və məsuliyyət daşıdığı bir daha diqqətə çatdırılıb.

ELAZ.İNFO  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yol-nəqliyyat hadisəsi ilə bağlı paylaşım edib.

Bildirilib ki, ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsində üç piyada yaxınlıqda yeraltı keçid olmasına baxmayaraq yolun hərəkət hissəsindən keçib. Bu zaman piyadaları vurmamaq üçün dayanmağa çalışan motosiklet sürücüsü idarəetməni itirərək yıxılıb və xəsarət alıb.

Məlumata görə, hadisədən sonra piyadalar xəsarət alan sürücüyə kömək göstərmədən ərazidən uzaqlaşıblar.

Yaxınlıqda xidmət aparan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin tibbi yardım göstəriblər. Daha sonra yaralı motosiklet sürücüsü təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Elşad Hacıyev paylaşımında yol hərəkəti zamanı diqqətli olmağın vacibliyini vurğulayaraq bildirib ki, təhlükəsizlik qaydalarına riayət etmək hər bir hərəkət iştirakçısının əsas vəzifəsidir.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əməl olunması həm sürücülərin, həm də piyadaların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın