İran ətrafında baş verən son hadisələr və ölkə daxilində müşahidə olunan kütləvi mərasimlər yenidən beynəlxalq müzakirələrin diqqət mərkəzinə düşüb.
ELAZ.İNFO xəbər verir ki, hərbi analitik Asif Şəfəqqətov mövzu ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək öz qiymətləndirmələrini bölüşüb.
Onun sözlərinə görə, ABŞ və İsrail müharibənin əvvəlində İranda hakimiyyətə qarşı narazı olan geniş kütlələrin küçələrə çıxaraq mövcud siyasi sistemi dəyişməyə çalışacağını gözləyirdi.
Şəfəqqətov iddia edir ki, hadisələrin sonrakı inkişafı bu gözləntilərlə üst-üstə düşməyib. O bildirib ki, son günlər keçirilən vida mərasimlərində milyonlarla insanın iştirakı onun fikrincə, ölkədə hakimiyyətə ictimai dəstəyin göstəricisi kimi qiymətləndirilə bilər.
Analitik hesab edir ki, yaranmış vəziyyət münaqişənin əvvəlində irəli sürülən bəzi proqnozların özünü doğrultmadığını göstərir. Onun fikrincə, regionda baş verən proseslər bundan sonra da beynəlxalq siyasi gündəmin əsas mövzularından biri olaraq qalacaq.
Qeyd edək ki, məqalədə yer alan fikirlər Asif Şəfəqqətovun şəxsi paylaşımına əsaslanır və Elaz.info tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.
İlahə BAYINDIR


