ELAZ.İNFO xəbər verir ki, son günlər müəllimlərin sertifikatlaşdırılması prosesinin nəticələri cəmiyyətdə geniş müzakirə olunur. Sosial şəbəkələrdə aşağı bal toplayan müəllimlər haqqında sərt fikirlər səsləndirilir, bəzi hallarda isə onların peşəkarlığı bütövlükdə şübhə altına alınır. Lakin ortaya mühüm bir sual çıxır: Sertifikasiya imtahanında aşağı nəticə göstərmək müəllimin savadsız olması anlamına gəlirmi?
Bu suala tələsik “bəli” və ya “xeyr” cavabı vermək düzgün olmaz.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, peşəkar inkişafın təşviqi və əməkhaqqının nəticələrə uyğun diferensiallaşdırılması məqsədi daşıyır. Nazirliyin açıqladığı statistikaya əsasən, 2022–2026-cı illər ərzində 100 mindən çox müəllim sertifikatlaşdırma prosesində iştirak edib və on minlərlə müəllimin əməkhaqqına əlavələr tətbiq olunub.
Bu fakt göstərir ki, sertifikatlaşdırma artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib.
Ancaq nəticələri qiymətləndirərkən bir məqam unudulmamalıdır.
Azərbaycan məktəblərində bu gün 55–65 yaş arasında olan müəllimlərin böyük hissəsi əmək fəaliyyətinə kompüterlərin geniş yayılmadığı dövrdə başlayıb. Onlar uzun illər biliklərini ənənəvi üsullarla şagirdlərə çatdırıblar. Elektron imtahan sistemi, vaxtın kompüter vasitəsilə idarə olunması və rəqəmsal platformalarda işləmək isə son illərin tələbləridir.
Belə müəllimlərdən bəziləri fənnini yaxşı bildiyi halda, məhz kompüterdən istifadə bacarığının zəif olması səbəbindən imtahanda vaxt itirə və nəticədə potensialından aşağı bal toplaya bilər.
Digər tərəfdən, bunu bütün aşağı nəticələrin səbəbi kimi təqdim etmək də düzgün olmaz. Sertifikatlaşdırma müəyyən hallarda müəllimlərin fənn hazırlığında boşluqları da üzə çıxarır. Məhz buna görə bu proses yalnız qiymətləndirmə deyil, həm də peşəkar inkişaf üçün bir siqnal kimi qəbul edilməlidir.
Düşünürəm ki, bu mərhələdə əsas məqsəd müəllimləri “savadsız” və ya “uğursuz” kimi damğalamaq deyil, onların hansı sahələrdə dəstəyə ehtiyac duyduğunu müəyyənləşdirmək olmalıdır. Xüsusilə yaşlı müəllimlər üçün kompüter bacarıqları üzrə sistemli təlimlərin təşkili sertifikatlaşdırmanın nəticələrini daha obyektiv edə bilər.
Unutmaq olmaz ki, müəllim peşəsi yalnız test suallarına cavab verməkdən ibarət deyil. Sinfi idarə etmək, şagirdlə ünsiyyət qurmaq, pedaqoji təcrübə, tərbiyə işi və illərlə formalaşmış müəllim nüfuzu da bu peşənin ayrılmaz hissəsidir. Bunların hamısını yalnız test nəticəsi ilə ölçmək mümkün deyil.
Sertifikatlaşdırma prosesi Azərbaycan təhsilinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm islahatdır. Lakin hər bir islahat kimi, onun da məqsədi cəzalandırmaq deyil, inkişaf etdirmək olmalıdır. Müəllimlərin peşəkar inkişafına dəstək verən, zəif tərəflərini gücləndirməyə imkan yaradan yanaşma həm təhsil sistemi, həm də cəmiyyət üçün daha faydalı nəticələr verə bilər.
İlahə BAYINDIR


