28 iyun 2026-cı il tarixində hakimliyə namizədlər üçün keçirilən test imtahanını vətəndaş cəmiyyəti nümayəndəsi və müşahidəçi qismində izlədim.
Uzun illərdir ki, Hakimlərin Seçki Komitəsinin təşkil etdiyi hakim seçimi prosesinin müxtəlif mərhələlərini müşahidə edirəm. Bu illər ərzində gəldiyim qənaət dəyişməyib: məhkəmə hakimiyyətinə ictimai etimadın əsası məhkəmə zalında deyil, hakimin seçilməsi mərhələsində qoyulur.
Bu dəfə də imtahan prosesi əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun təşkil olunmuşdu. Namizədlər dörd saat ərzində kompüter vasitəsilə 100 test sualını cavablandırır, nəticələr isə hər bir iştirakçıya imtahan başa çatan kimi elan edilirdi. Bu qayda həm operativliyi təmin edir, həm də qiymətləndirmə prosesinin şəffaflığına əlavə təminat yaradır.
İmtahanda 337 namizəd iştirak etdi. Onlardan 175 nəfəri 60 və daha çox bal toplayaraq növbəti – yazılı imtahan mərhələsinə buraxıldı.
Müşahidəçi kimi bizim üçün əsas meyar yalnız imtahanın texniki təşkili deyildi. Əsas məsələ prosedurların necə işləməsi idi. Dörd saat ərzində prosesi fasiləsiz izlədik. İmtahanın gedişi ilə bağlı hər hansı prosedur pozuntusu və ya iştirakçılar tərəfindən narazılıq müşahidə etmədik. Bu, şəffaflığın sadəcə bəyan edilmədiyini, praktikada da təmin olunduğunu göstərən mühüm göstəricilərdən biridir.
Hakimlərin seçilməsi dövlət qulluğuna adi qəbul prosesi deyil. Hakim insan taleyi, mülkiyyət hüququ, sahibkarlıq azadlığı və digər konstitusion hüquqlar barədə qərarlar qəbul edir. Buna görə də hakim korpusunun peşəkarlığı və onun formalaşdırılması mexanizmi hüquqi dövlətin dayanıqlığı baxımından xüsusi əhəmiyyət daşıyır.
Hazırda ölkəmizdə 705 hakim fəaliyyət göstərir. Davam edən seçim prosesi nəticəsində yeni hakimlərin korpusa qoşulması həm mövcud vakant yerlərin komplektləşdirilməsinə, həm də məhkəmə hakimiyyətinin institusional inkişafına xidmət edir.
Son illərdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar göstərir ki, dəyişikliklər yalnız qanunvericiliklə məhdudlaşmır. Hakimlərin seçimi mexanizminin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, ictimai müşahidənin təmin edilməsi və açıq prosedurlar məhkəmə hakimiyyətinə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edən vacib elementlərdir.
Eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğuru yalnız seçimin şəffaflığı ilə ölçülmür. Bu uğur sonrakı mərhələlərdə hakimlərin peşə hazırlığı, etik davranışı, müstəqilliyi və qəbul etdikləri qərarların keyfiyyəti ilə tamamlanır. Məhz bu amillərin vəhdəti cəmiyyətin məhkəməyə inamını möhkəmləndirə bilər.
Şəffaf seçim ədalətli məhkəmənin təminatı deyil. Amma ədalətli məhkəmənin ən vacib başlanğıc şərtlərindən biridir. Məhkəməyə ictimai etimad da məhz həmin başlanğıcdan formalaşmağa başlayır.
Əliməmməd NURİYEV
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü


