ELAZ.İNFO xəbər verir ki, bu gün – 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olaraq qeyd olunur. Hər il qeyd olunan bu əlamətdar tarix Azərbaycan dövlətçiliyinin və milli ordu quruculuğunun ən mühüm hadisələrindən biri hesab edilir.
Məlumat üçün bildirək ki, Milli ordunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyulub. Həmin qərarla ilk nizami hərbi hissələrin yaradılmasına başlanılıb və bu tarix Azərbaycan milli ordusunun yaranma günü kimi tarixə düşüb.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1998-ci il mayın 22-də imzalanan Sərəncama əsasən, 26 iyun tarixi ölkədə rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi.
Onu da qeyd edək ki, son illərdə Azərbaycan Ordusu peşəkarlığı, müasir silahlanması və döyüş hazırlığı ilə regionun ən güclü ordularından birinə çevrilib. Ordumuz 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb. Daha sonra həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində konstitusiya quruluşu tam təmin edilib.

Silahlı Qüvvələr Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında hərbi qulluqçuların xidməti yüksək qiymətləndirilir, şəhidlərin xatirəsi ehtiramla yad olunur, qazilər və müharibə iştirakçıları ziyarət edilir.
Bu əlamətdar gündə Vətənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə möhkəm cansağlığı arzulayır, Azərbaycan Ordusunun bütün şəxsi heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik.
Yeri gəlmişkən, mən də minlərdən biri olaraq ömrümün ən gözəl, sağlam, məhsuldar dövrünü mənfur qonşularımızla mübarizəyə həsr etdim. Özümü tarixin təkcə bir günündə deyil, bütün təqvim günlərində qeyd olunan vətən torpaqlarının azadlığı uğrunda canından, qanından keçən vətən oğullarının sırasında hesab edirəm. Nə qədər ki, bu torpaq uğrunda gözünü qırpmadan ölməyə hazır olan igidlərimiz var, demək o zamana qədər bu ellər, bu obalar alnı açıq, üzü ağ, hürr yaşayacaqdır. Allah Şəhidlərimizin ruhunu şad etsin! Tanrı mərtəbəsində Şəhidlərin yeri Cənnətdir İnşallah! Allah Qazilərimizə can sağlığı versin, Əsgərlərimizi qorusun!
Yaşasın Ali Baş Komandan və Onun igid əsgərləri! Ordu gününüz mübarək olsun ərlər, ərənlər!
İslam MAHMUDOV
