Azərbaycanın nəqliyyat-loqistika potensialının gücləndirilməsi və dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Beynəlxalq tərəfdaşlıq çərçivəsində həyata keçirilən yeni layihələr ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək.
ELAZ.İNFO xəbər verir ki, Çinə edilən səfər çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi üzrə olduqca səmərəli görüş keçirilib. Görüşün nəticəsi olaraq, Çinin məşhur “CRRC Ziyang” şirkəti ilə 4 yeni magistral sərnişin lokomotivinin alınmasına dair rəsmi müqavilə imzalanıb. Səfər zamanı həmçinin, ötən il sifariş edilmiş 7 yük lokomotivinin istehsal prosesi ilə yaxından tanışlıq olub və gələcək perspektivlər çərçivəsində əlavə 14 lokomotivin də alınması üzrə qarşılıqlı müzakirələr aparılıb.
ADY-nin lokomotiv parkının bu cür modernləşdirilməsi və yenilənməsi beynəlxalq nəqliyyat dəhlizləri üzrə daha çevik, təhlükəsiz və dayanıqlı yük daşımalarının təşkilinə böyük təkan verəcək. Eyni zamanda, bu yenilik ölkədə sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə geniş imkanlar yaradacaq.
Ruslan MƏMMƏDOV
