ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın imzaladığı və 60 günə yekun sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan memorandum siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub. Ekspert Vüqar Dadaşov hesab edir ki, bu sənədin real nəticə verəcəyi əsaslı şübhə doğurur.
ELAZ.İNFO xəbər verir ki, Vüqar Dadaşovun fikrincə, ABŞ bu müharibədə İranı hərbi məğlubiyyətə uğratsa da, İran strateji-psixoloji, hətta siyasi-diplomatik qələbə qazanıb. Ekspert vurğulayır ki, mövcud memorandum ABŞ-ın müharibədən çıxması üçün məcburi bir sənəd olmaqla, keçid və zaman uduşuna hesablanmış baza funksiyasını daşıyır:
“Sənədin ABŞ vitse-prezidenti Di Vens və İran parlamentinin sədri Qalibafın imzalayacağı gözlənildiyi halda, prezidentlər səviyyəsində imzalanması şərtlərin İran üçün olduqca əlverişli olmasını göstərir. İranda da razılaşma öncəsi müəyyən narazılıq aksiyaları Tramp administrasiyasına qarşı ‘daxili müharibə istəyinin’ təzyiq forması idi”.
Dadaşov qeyd edir ki, bu razılaşmadan sonra da Tramp iqtidarının İrana qarşı yeni hərbi əməliyyatları gündəmdən çıxmayıb. İsrailin razılaşmadan narazı qaldığını və Təl-Əvivin bu sazişin İsrailə aid olmadığını bəyan etdiyini xatırladan ekspert, Netanyahu administrasiyasının ABŞ-ın iştirakı olmadan İrana qarşı yeni müharibəyə başlaya biləcəyini istisna etmir. Artıq İran dünəndən İsrailin Livana hücumunu əsas gətirərək Hörmüz boğazını bağladığını bildirib.
Ekspertin sözlərinə görə, bu memorandum Donald Trampın nüfuzunun və Amerika dövlətinin düşdüyü siyasi bataqlıqdan çıxışı üçün İrana edilmiş geniş güzəştli bir sənəddir: “Avropa və ABŞ siyasi elitası da bu razılaşmanı Vaşinqton üçün ‘kapitulyasiya’ hesab edir. Donald Trampın bu gün imzaladığı həmin sənəd 2018-ci ildə çıxdığı nüvə razılaşmasının doğurduğu nəticələrin aradan qaldırılması məqsədi daşıyır. Tramp nəyin bahasına olursa-olsun, İranın nüvə proqramının dayandırılmasını əsas şərt olaraq götürmüşdü”.
Lakin son 14 maddədən ibarət olan memorandumda İran üçün nə ballistik raketlər proqramının dayandırılması, nə də zənginləşdirilmiş uranın ölkədən çıxarılması öz əksini tapır. Hörmüz boğazında da azad gəmiçiliyin əvvəlki vəziyyətə qaytarılmasını İran rədd edir.
Vüqar Dadaşov proqnozlaşdırır ki, Donald Tramp hakimiyyətdən gedəndən sonra ABŞ və İran arasında yeni müharibə ehtimalı çox yüksəkdir: “Çox güman ki, Trampdan sonra ABŞ-ın İranın bir dövlət olaraq məhv edilməsi, Hörmüz boğazı ətrafında İranın nəzarətindən çıxan bir zolağın yaradılması istiqamətində fəaliyyətinin şahidi olacağıq. Bu razılaşma əsasən yeni, daha böyük müharibəyə hazırlıq dövrünü əhatə edəcək”.
