Media manipulyasiyası, yoxsa qərəzli kampaniya? ATV-nin Razi Nurullayevə qarşı təhrif etdiyi fikirlər ictimaiyyəti ayağa qaldırdı

Siyasi diskursun sağlam mühitdə formalaşması üçün media və siyasətçi arasındakı qarşılıqlı etimad fundamental şərtdir. Lakin son zamanlar bəzi media qurumlarının müsahibələri kontekstdən çıxararaq təhrif etməsi, jurnalistika prinsiplərini bir kənara qoyaraq, süni şəkildə “informasiya yaratmaq” cəhdləri cəmiyyətdə ciddi suallar doğurur. Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin qadınların pensiya yaşı ilə bağlı fikirlərinin ATV tərəfindən 100 faiz saxtalaşdırılaraq təqdim edilməsi, bu cür neqativ tendensiyaların ən bariz nümunəsidir.

ELAZ.İNFO xəbər verir ki, baş verən bu xoşagəlməz hadisə ilə bağlı Milli Cəbhə Partiyasının (MCP) Salyan rayon təşkilatının sədri Ruslan Məmmədov portalımıza geniş müsahibə verib. Təşkilat sədri qeyd edib ki, deputatın fikirlərinin bu dərəcədə təhrif olunması təsadüfi deyil, məqsədli bir kampaniyanın tərkib hissəsidir. Ruslan Məmmədov Razi Nurullayevin öz rəsmi Facebook səhifəsində paylaşdığı etirazı xatırladaraq bildirib:

“Deputat haqlı olaraq vurğulayır ki, bu boyda kanalın Milli Məclis üzvünün fikirlərini 100 faiz saxtalaşdırması ağını çıxarmaqdır. Razi bəy mətbuata hər zaman açıq olub, lakin bu səmimiyyətdən sui-istifadə etmək yolverilməzdir. O, paylaşımlarında da qeyd etdiyi kimi: ‘Təəssüf edirəm ATV, çox təəssüf edirəm!'”

Təşkilat sədrinin sözlərinə görə, Razi Nurullayev hər zaman xalqın yanında olan, seçicilərin problemlərini Milli Məclisdə qətiyyətlə qaldıran bir şəxsiyyətdir və bu cür süni maneələr onun ictimai fəaliyyətini əsla sarsıda bilməz. Ruslan Məmmədov xüsusi vurğulayıb ki, burada söhbət təkcə Razi Nurullayevin şəxsi nüfuzundan deyil, həm də partiyanın və xalqın etimadından gedir:

“Biz humanist, dövlətçilik mövqeyindən çıxış edən bir partiyayıq. Lakin humanistlik heç vaxt öz haqqımızı, seçicilərimizin, partiyadaşlarımızın və xalqımızın bizə etibar etdiyi nüfuzu başqalarına güzəştə getmək demək deyil. Biz heç vaxt haqqı tapdalananların yanında susmamışıq. Partiya olaraq bu hadisəni sadəcə bir ‘texniki xəta’ kimi qəbul etmək niyyətində deyilik. Artıq məsələ hüquqi müstəviyə daşınıb və biz bu hüquqi mübarizəmizi sonadək aparacağıq”.

Ruslan Məmmədov sonda bildirib ki, ATV-ni və digər media orqanlarını peşəkarlığa, obyektivliyə və jurnalistika etikasına dəvət edir. O, əlavə edib ki, cənab Nurullayev humanist bir şəxs olsa da, bu məsələdə seçicilərinin və partiyadaşlarının haqlı maraqlarını qətiyyətlə müdafiə edəcək. Biz haqqın və ədalətin yanındayıq!

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın