Azərbaycan İdman Akademiyasının “İdman Menecmenti və Kommunikasiya” ixtisası üzrə təcrübə keçən tələbələri üçün Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksinə infotur təşkil olunub. Kompleks Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərir.
ELAZ.İNFO xəbər verir ki, tələbələr infotur çərçivəsində aşağıdakı məqamlarla yaxından tanış olublar: Tələbələr idman kompleksində yaradılmış şərait, paralimpiyaçıların məşq prosesi, gündəlik fəaliyyətləri və qazandıqları uğurlar haqqında ətraflı məlumat əldə ediblər. Tələbələr gənc paraüzgüçü Əli Vəliyevin məşqini izləyərək, paralimpiyaçının hazırlıq prosesi ilə bilavasitə tanış olmaq fürsəti qazanıblar. Görüş zamanı paralimpiyaçıların sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili istiqamətində icra olunan layihələr barədə məlumat verilib.
Ruslan MƏMMƏDOV
