Beş milyon illik sirr: Hind okeanının dərinliklərində nəhəng balina qəbiristanlığı tapıldı

Alimlər Hind okeanının cənub-şərqində, yerin 7 kilometr dərinliyində inanılmaz bir kəşfə imza atıblar. Təxminən 1200 kilometr uzunluğa malik olan bu ərazi “balina qəbiristanlığı” — sualtı nekropol kimi qiymətləndirilir. Lakin kəşfi dünyada sensasiyaya çevirən əsas məqam onun miqyası deyil, fosillərin yaşıdır: tapıntıların bəzilərinin 5,3 milyon il əvvələ aid olduğu müəyyən edilib.

ELAZ.İNFO xəbər verir ki, Çin, İtaliya və Yeni Zelandiyadan olan tədqiqatçı qrupunun aşkar etdiyi bu ərazi dəniz altındakı Diamantina qırılma zonasında yerləşir. Çin Elmlər Akademiyasının üzvü Xiaotong Peng bu kəşfi “təsəvvür edilməz” adlandırıb. Tədqiqatçılar 32 dalış zamanı 485 balina fosili sahəsi aşkar ediblər. Qalıqlar arasında nəsli kəsilmiş balina skeletləri ilə yanaşı, elmə yeni məlum olan “Pterocetus diamantinae” növü də qeydə alınıb.

Mütəxəssislər bu sualtı nekropolu okean dərinliklərində gizlənən böyük bir elmi xəzinə kimi qiymətləndirirlər. Bildirilir ki, bu kəşf dəniz ekosisteminin təkamülü haqqında yeni bilgilər verəcək.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın