Tükənməz sərvət intellektual potensialdır

ELAZ.İNFO

Tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

XXI əsrdə dövlətlərin inkişaf fəlsəfəsi köklü dəyişmişdir. Əgər sənaye dövründə ölkələrin gücü onların təbii sərvətləri, ərazisi və istehsal potensialı ilə ölçülürdüsə, postindustrial dövrdə əsas göstərici insan kapitalı, innovasiya potensialı və texnoloji imkanlar hesab olunur. Bu gün dünyanın inkişaf etmiş ölkələri iqtisadi yüksəlişlərini yalnız dövlət proqramları üzərində deyil, həm də vətəndaş təşəbbüsləri, yaradıcı düşüncə, elmi yeniliklər və innovasiya ekosistemləri üzərində qururlar.

Azərbaycan da postneft dövrünə qədəm qoymuş bir ölkə kimi inkişaf modelini yenidən nəzərdən keçirmək məcburiyyətindədir. Belə bir şəraitdə ölkənin intellektual potensialından səmərəli istifadə zəruridir. Dövlət və cəmiyyət arasında ideya mübadiləsi hansı səviyyədədir? Vətəndaşların, alimlərin, müəllimlərin və müstəqil ekspertlərin irəli sürdüyü təşəbbüslər qərarvermə proseslərinə nə dərəcədə təsir edir?

Bu kontekstdə vətəndaş təşəbbüslərinin innovativ inkişafda rolu strateji əhəmiyyət kəsb edir.

İnnovativ iqtisadiyyatında vətəndaş təşəbbüslərinin yeri

Müasir inkişaf nəzəriyyələrində innovasiya yalnız texnoloji yenilik kimi deyil, cəmiyyətin problemləri həll etmək qabiliyyəti kimi qiymətləndirilir. Bu baxımdan innovasiya dövlət aparatında deyil, ilk növbədə cəmiyyətdə yaranır.

Tarix göstərir ki, dünyanın ən böyük texnoloji dəyişiklikləri rəsmi kabinetlərdə deyil, fərdlərin təşəbbüsləri nəticəsində meydana çıxmışdır. İnternet, fərdi kompüterlər, sosial şəbəkələr, mobil texnologiyalar və süni intellekt platformalarının əksəriyyəti dövlət strukturlarından deyil, müstəqil təşəbbüslərdən yaranmışdır.

Bu səbəblərdən inkişaf etmiş ölkələrdə dövlətin əsas funksiyası innovasiyanı yaratmaq deyil, innovasiyanın yaranması üçün münbit mühit formalaşdırmaq hesab edilir. Bu mühitin əsas elementləri azad fikir mühiti, tənqidi təfəkkür, ideyaların sərbəst müzakirəsi, maliyyə dəstəyi, hüquqi təminatlar, bürokratik maneələrin minimuma endirilməsi hesab edilir. Əgər bu elementlərdən biri belə çatışmırsa, innovasiya ekosistemi zəifləyir.

Azərbaycanın problemi ideya qıtlığı deyil, ideyaların qiymətləndirilməməsidir

Azərbaycanda innovativ inkişafla bağlı müzakirələrdə tez-tez ideya çatışmazlığı əsas problem kimi göstərilir. Hətta bəzi məmurlar haqsız olaraq “mən ölkədə alim tanımıram, görmürəm” kimi fikirlər də səsləndirirlər. Lakin məsələyə daha dərindən yanaşdıqda görünür ki, əsas problem ideyaların olmaması deyil, mövcud ideyaların qiymətləndirilməməsidir.

Son onilliklər ərzində müxtəlif mütəxəssislər, alimlər və ekspertlər tərəfindən yüzlərlə təkliflər irəli sürülsə də, onların əhəmiyyətli hissəsi qərarvermə sistemində nəzərə alınmamışdır. Bu vəziyyət bir sıra ciddi problem yaradır: intellektual resurslar istifadəsiz qalır, təşəbbüskar insanlar motivasiyasını itirir, dövlət qərarlarının keyfiyyəti aşağı düşür v.s. Beləliklə, ölkədə innovativ inkişaf üçün vacib olan sosial kapital zəifləyir.

Əslində isə hər bir inkişaf etmiş ölkənin əsas üstünlüyü məhz vətəndaşların dövlətə təqdim etdiyi ideyalardan səmərəli istifadə edə bilməsidir.

Tənqidi təfəkkür və innovasiya arasında əlaqə

İnnovasiya ilə tənqidi təfəkkür arasında birbaşa əlaqə mövcuddur. Yeni ideya əslində mövcud vəziyyətin sorğulanması nəticəsində yaranır. İnsan hər hansı problemin həllini o zaman axtarmağa başlayır ki, mövcud vəziyyətin kifayət qədər səmərəli olmadığını görsün. Bu baxımdan tənqidi, sağlam və konstruktiv düşüncənin zəif olduğu cəmiyyətlərdə innovasiya potensialı da zəif olur.

Müasir innovasiya nəzəriyyələrində “konstruktiv tənqid” inkişafın əsas mühərriklərindən biri hesab olunur. Məhz buna görə inkişaf etmiş ölkələrdə ictimai müzakirələr, ekspert debatları, açıq dinləmələr, siyasət forumları idarəetmənin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan üçün də belə bir mühitin formalaşdırılması strateji əhəmiyyət daşıyır.

Təhsil sistemi və innovativ inkişaf

İnnovativ inkişafın əsas mənbəyi təhsil sistemidir. Əgər təhsil sistemi əzbərçiliyə, standart cavablara, itaət mədəniyyətinə əsaslanırsa, oradan innovativ insan kapitalı çıxmır. Müasir iqtisadiyyat isə tamamilə fərqli xüsusiyyətlər tələb edir: yaradıcı düşüncə, problem həll etmə bacarığı, təşəbbüskarlıq, risk etmə qabiliyyəti, texnoloji savadlılıq.

Bu səbəblərdən innovasiya problemi əslində təhsil problemidir. Dünyanın ən innovativ ölkələrində universitetlər yalnız diplom verən müəssisələr deyil, həm də startapların, texnologiyaların və yeni biznes modellərinin yarandığı mərkəzlərdir.

Qrant sistemləri və innovasiya siyasəti

İnnovativ inkişaf üçün maliyyə dəstəyi həlledici amillərdən biridir. Dünyanın əksər inkişaf etmiş ölkələrində dövlət qrantları, innovasiya fondları, risk kapitalı fondları, texnologiya inkubatorları, startap akseleratorları kimi mexanizmlər mövcuddur. Bu mexanizmlərin əsas məqsədi ideyanı məhsula çevirməkdir. Lakin maliyyələşdirmə sistemləri yalnız şəffaflıq və nəticəyönümlülük prinsipləri üzərində qurulduqda səmərə verir, əks halda qrantlar innovasiyanın deyil, formal fəaliyyətlərin maliyyələşdirilməsinə çevrilir.

Biznesin sosial məsuliyyəti və innovasiya

İnkişaf etmiş ölkələrdə böyük şirkətlər yalnız mənfəət əldə etməyə deyil, innovasiya ekosisteminin formalaşmasına da yatırım edir. Bu model korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir. Şirkətlər startaplara investisiya edir, universitet layihələrini maliyyələşdirir, texnologiya yarışları təşkil edir, sosial innovasiya proqramları yaradır. Bir çox ölkədə bu fəaliyyətlər üçün vergi güzəştləri, hüquqi təşviqlər, dövlət dəstəyi mövcuddur. Nəticədə biznes innovasiyanı xərc deyil, gələcəyə investisiya kimi görür.

Türkiyə modeli: innovasiya və təşəbbüsə dəstək

Türkiyənin son illərdə əldə etdiyi texnoloji uğurların arxasında təsadüf deyil, sistemli siyasət dayanır. Burada TÜBİTAK proqramları, TEKNOFEST hərəkatı, universitet texnoparkları, texnologiya fondları, özəl vəqflər vahid innovasiya ekosistemi formalaşdırmışdır. Bu modelin əsas xüsusiyyəti dövlət, biznes və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

Startap göstəriciləri və innovasiya boşluğu

Statistik da qeyd edilir ki, dünyada hər 1000 nəfərə orta hesabla 6 startap düşür, bizdə bu göstərici 100 dəfələrlə aşağıdır. Bu fərqin səbəbi yalnız maliyyə çatışmazlığı deyil. Əsas səbəblər təşəbbüs mədəniyyətinin zəifliyi, risk kapitalının olmaması, investor ekosisteminin inkişaf etməməsi, universitet-biznes əməkdaşlığının zəifliyi, innovativ uğursuzluğa mənfi münasibətdir. Bu problemlər həll edilmədən startap ekosisteminin inkişafı mümkün deyil.

Rəqəmsal dövr və milli təhlükəsizlik

Bu gün dünya süni intellekt, kvant texnologiyaları, robototexnika və biotexnologiya mərhələsinə daxil olur. Belə şəraitdə innovasiya sahəsində geri qalmaq artıq iqtisadi problem deyil, milli təhlükəsizlik problemidir. Texnologiya istehsal etməyən ölkələr tədricən texnoloji asılılığa, iqtisadi asılılığa, intellektual periferiyaya çevrilirlər. Bu isə uzunmüddətli perspektivdə dövlətin rəqabət qabiliyyətini zəiflədir.

Beləliklə, görürük ki, vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız sosial və ya humanitar məsələ deyil, dövlətin strateji inkişaf məsələsidir. Müasir dövrdə innovativ inkişafın əsas resursu neft, qaz və digər təbii sərvətlər deyil, insan kapitalı, yaradıcı düşüncə və təşəbbüskarlıqdır.

Azərbaycanın postneft dövründə dayanıqlı inkişaf modeli qurması üçün vətəndaş təşəbbüslərinin sistemli şəkildə dəstəklənməsi, açıq innovasiya platformalarının yaradılması, qrant və startap mexanizmlərinin təkmilləşdirilməsi, universitetlərin innovasiya mərkəzlərinə çevrilməsi və dövlət–ekspert əməkdaşlığının gücləndirilməsi, bu sahəyə ayrılan qrantların maliyyə təminatının 10 dəfələrlə artırılması, təkliflərin obyektiv qiymətləndirilməsi innovativ inkişaf üçün zəruridir.

İnnovasiya sərəncamla yaranmır. O, azad düşüncə, təşəbbüs mühiti, təçkilati etimad və intellektual kapitalın düzgün dəyərləndirildiyi cəmiyyətlərdə formalaşır. Buna görə də vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız bugünkü inkişafın deyil, Azərbaycanın gələcək rəqabət qabiliyyətinin və texnoloji suverenliyinin əsas şərtlərindən biridir.

İlham Əhmədov

dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti

Bizi izləyin və paylaşın