Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini iyunun 14-də təqdim edəcək. Bu barədə respublika MSK-nın sədri Vaahn Ovakimyan rəsmi açıqlama verib.
ELAZ.İNFO xəbər verir ki, yekun protokol imzalanana qədər şikayətlərə baxılması və səslərin yenidən hesablanması prosesi həyata keçiriləcək. MSK sədri Ermənistan İctimai Televiziyasının efirində seçki sonrakı hüquqi prosedurların qrafikini izah edib: Cümə gününə (14 iyun) qədər müəyyən məntəqələrdə səslərin yenidən hesablanması və korreksiya mərhələləri icra olunacaq, daxil olan şikayət və ərizələr qiymətləndiriləcək. Yalnız bundan sonra — iyunun 14-də qəti nəticələr elan ediləcək.
Seçki Məclisinin qanunvericiliyinə əsasən, yekun nəticələrdən sonra siyasi qüvvələrə 5 günlük rəsmi etiraz müddəti verilir. Seçkilərdə iştirak etmiş partiya və bloklar iyunun 19-da ölkənin Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Konstitusiya Məhkəməsinə şikayət daxil olarsa, məsələyə 15 gün ərzində baxılmalıdır. Əgər siyasi qüvvələr məhkəməyə getməsə, növbəti mərhələdə partiyalara deputat mandatları təqdim olunacaq.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib və səsvermədə seçicilərin 58,97%-i iştirak edib. Ölkə üzrə mövcud olan bütün 2 005 seçki məntəqəsindən daxil olan ilkin məlumatlara əsasən, siyasi qüvvələrin topladığı səslər aşağıdakı kimidir:
“Mülki Müqavilə” Partiyası (Nikol Paşinyan): 49,825% səs toplayaraq liderliyini qoruyur “Güclü Ermənistan” Bloku (Samvel Karapetyan): 23,281% səs yığıb. “Ermənistan” Bloku (Robert Koçaryan): 9,934% səs qazanıb. “Çiçəklənən Ermənistan” Partiyası (Qaqik Tsarukyan): 3,996% səs toplayaraq parlamentə daxil olmaq üçün tələb olunan baryeri aşa bilməyib.
Seçki prosesi daxili siyasi gərginliklərlə müşayiət olunub. Yerli müşahidəçilər və müxalifət qüvvələri səsvermə zamanı görünməmiş qanunsuzluqların, o cümlədən “seçki karuselləri”nin təşkili, bülletenlərin məntəqədən kənara çıxarılması və açıq səsvermə hallarının qeydə alındığını bildirirlər. Bundan əlavə, həm seçki kampaniyası dövründə, həm “sükut günü”, həm də səsvermə günü müxalifət nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması faktları qeydə alınıb.
Ruslan MƏMMƏDOV
