Rusiya Silahlı Qüvvələri Donetsk bölgəsinin Ximik (Ukrayna variantında – Moloçarka) yaşayış məntəqəsini nəzarətə götürməklə, qonşuluqda yerləşən və strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Konstantinovka şəhərinin mərkəzindəki Ukrayna hərbi qruplaşmasını tamamilə sıxışdırır.
ELAZ.İNFO xəbər verir ki, bu barədə hərbi ekspert Andrey Maroçko məlumat verib. Hərbi ekspertin təhlillərinə görə, bu məntəqənin ələ keçirilməsi bütövlükdə cəbhə xəttindəki qüvvələr nisbətinə ciddi təsir göstərir: Ukrayna tərəfinin Moloçarka adlandırdığı Ximik qəsəbəsinin azad edilməsi Konstantinovka şəhərinin tam nəzarətə götürülməsi yolunda Rusiya hərbçiləri üçün çox vacib bir qələbədir.
Hazırda Konstantinovkanın mərkəzində dislokasiya olunmuş Ukrayna Silahlı Qüvvələrinin (USQ) demək olar ki, bütün qruplaşması Rusiya ordusu tərəfindən faktiki olaraq udulur və mühasirəyə alınır. Ximikin azad olunması Rusiya döyüşçülərinin Konstantinovka yaxınlığındakı şimal-qərb istiqamətində uğurlu hücum əməliyyatlarını daha da inkişaf etdirdiyini nümayiş etdirir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Ximik yaşayış məntəqəsi ordunun “Cənub” qoşun qruplaşması tərəfindən tam nəzarətə götürülüb. Konstantinovka şəhəri Rusiya Silahlı Qüvvələri üçün olduqca yüksək strateji əhəmiyyətə malikdir. Bu şəhər Ukrayna ordusu tərəfindən güclü istehkamlar xəttinə çevrilmiş məşhur Slavyansk-Kramatorsk aqlomerasiyasına gedən yolun əsas açarı hesab olunur. Ekspertlərin fikrincə, Konstantinovka tam azad edilmədən Rusiya qoşunlarının cənub-qərb istiqamətində növbəti irəliləyişi qeyri-mümkündür.
Ruslan MƏMMƏDOV
