Beynəlxalq Cinayət Məhkəməsinin (BTM) prokuroru Kərim Xan barəsində irəli sürülən cinsi təcavüz ittihamları ilə bağlı aparılan intizam icraatı başa çatana qədər vəzifəsindən kənarlaşdırılıb.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun iştirakçısı olan dövlətlərin Assambleyasının Bürosu rəsmi qərar qəbul edib. Məhkəmənin bəyanatında qeyd olunur ki, prokurorun vəzifədən uzaqlaşdırılması barədə qərar dərhal qüvvəyə minir. Qərarın qəbul edilməsinə əsas verən mühüm məqamlar aşağıdakılardır:
Büro intizam icraatını baxılması üçün BTM iştirakçısı olan dövlətlərin Assambleyasına təqdim edib və bu məsələni müzakirə etmək məqsədilə “ən qısa zamanda” xüsusi sessiyanın çağırılmasına qərar verib. Vəzifədən müvəqqəti uzaqlaşdırılma bəri başdan onun işi üzrə yekun qərarın necə olacağını müəyyən etmir. Bu addım BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi tərəfindən aparılmış təhqiqatın hesabatı, təqdim edilmiş sübutlar, məhkəmə ekspertləri qrupunun rəyi və tərəflərin yazılı materialları əsasında atılıb. Qərarın və ona əlavə edilən sənədlərin məzmunu isə ictimaiyyətə açıqlanmır.
Kərim Xan barəsində cinsi təcavüzlə bağlı ilk ittihamlar hələ 2024-cü ilin oktyabr ayında irəli sürülmüşdü. Bununla əlaqədar olaraq: 2025-ci ilin may ayında Xanın təhqiqat müddətində öz vəzifələrini icra etməyəcəyi və inzibati məzuniyyətə çıxdığı məlum olmuşdu. 2025-ci ilin avqust ayında isə “The Guardian” qəzeti daha bir qadının BTM-ə müraciət edərək prokuror tərəfindən cinsi cinayətlərə məruz qaldığını bildirdiyini yazmışdı. Sözügedən hadisənin 2009-cu ilə təsadüf etdiyi, həmin vaxt şikayətçinin 20-dən bir qədər çox yaşı olduğu və Xanın Haaqa tribunallarında müdafiəçi kimi çalışdığı ofisdə ödənişsiz təcrübəçi kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Ruslan MƏMMƏDOV
