Qazaxıstanın tarixi Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib. Türk dünyasından olan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi iclasda qardaş ölkələr arasında təhsil sahəsində gələcək strateji addımlar müəyyənləşdirilib.
ELAZ.İNFO xəbər verir ki, tədbirdə üzv dövlətlər arasında təhsil əməkdaşlığının daha da dərinləşdirilməsinə dair mühüm müzakirələr aparılıb. İclas çərçivəsində Türk dünyasının ortaq təhsil məkanının formalaşdırılması məqsədilə aşağıdakı əsas məsələlər diqqət mərkəzində olub:
Türk dünyasında təhsil standartlarının yaxınlaşdırılması və inteqrasiya proseslərinin gücləndirilməsi. Tələbə və müəllim heyətinin qarşılıqlı mübadilə proqramlarının (akademik mobilliyin) miqyasının genişləndirilməsi. Ali təhsil müəssisələri arasında birgə elmi-praktiki və qlobal əməkdaşlığın inkişaf etdirilməsi.
İclas iştirakçıları vurğulayıblar ki, təhsil sahəsində həyata keçirilən birgə təşəbbüslər və irəli sürülən layihələr təkcə elmi sahəni əhatə etmir. Bu addımlar üzv dövlətlər və xalqlar arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin bütövlükdə Türk dünyasında təhsil əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verir.
Ruslan MƏMMƏDOV
