Azov dənizinin Taqanroq körfəzi bölgəsində dron hücumu nəticəsində iki yük gəmisində olan Azərbaycan vətəndaşlarından 5 nəfər həlak olub, 3 nəfər yaralanıb. Yaralılar Rusiyanın Yeysk şəhərində xəstəxanaya yerləşdiriliblər. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları hadisə yerinə göndərilib.
ELAZ.İNFO xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumatlara görə, hücuma məruz qalan gəmilər “Natra” və “Zirkon” adlı xarici bayraq altında üzən yük gəmiləri olub. Onların ekipajlarında ümumilikdə 25 Azərbaycan vətəndaşı çalışırmış. Gəmilərin Rostov istiqamətində hərəkət etdiyi bildirilir.
Münaqişə tərəflərinin hadisə ilə bağlı fərqli mövqeləri var:
Rusiya hücuma görə Ukraynanı ittiham edir.
Ukrayna isə Azov dənizində və işğal olunmuş ərazilərin limanlarında bir neçə gəmini vurduğunu açıqlayıb və həmin gəmilərin hərbi yük, yanacaq və ya Ukraynadan çıxarılan taxıl daşıdığını iddia edib.
Lakin gəmilərin konkret hansı yükü daşıması barədə müstəqil və tam təsdiqlənmiş məlumat hələ yoxdur. Buna görə də bu hissəyə ehtiyatla yanaşmaq lazımdır.
Azov dənizində baş vermiş faciəli hadisə nəticəsində həlak olan dənizçi qardaşlarımızın vəfatı bizi dərindən kədərləndirdi.
Dənizlərdə zəhmət çəkərək ailələrinin ruzisi üçün çalışan həmvətənlərimizin həyatını itirməsi böyük itkidir. Həlak olan dənizçilərimizin ailələrinə, yaxınlarına və bütün dənizçilik ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, yaralanan soydaşlarımıza Allahdan şəfa diləyirik.
Sakit MALİKOV
